Venesuela hökuməti COVID-19 əleyhinə kütləvi peyvənd kampaniyasını planlaşdırır
Madrid, 4 iyun, AZƏRTAC
Venesuela COVID-19 əleyhinə kütləvi peyvənd kampaniyasını planlaşdırır.
AZƏRTAC xəbər verir ki, hazırda Venesuela peyvənd olunan insanların sayına görə Cənubi Amerika ölkələri arasında sonuncu yerdədir.
İcraedici hakimiyyət yaxın vaxtlarda bütün ölkə ərazisində 77 müvafiq mərkəzin açılacağını bildirib ki, bu da bir gündə min nəfərədək insanın peyvəndlənməsinə imkan verəcək. Hökumət bu ilin dekabr ayınadək əhalinin 70 faizini peyvənd etməyi planlaşdırır.
Venesuela bu günə qədər cəmi üç ay ərzində 1,5 milyona yaxın vaksin əldə etmişdir ki, bu da təxminən 400 min nəfərin vaksinlə təmin edilə biləcəyi deməkdir.
Rəsmi məlumatlara görə, əhalisi 28 milyondan çox olan Venesuelada 237 min 943 koronavirusa yoluxma faktı qeydə alınıb, 2 min 687 nəfər isə bu xəstəlikdən həyatını itirib. Ekspertlər əmindirlər ki, məlumatlar ləng hesablandığına görə, yoluxanların və ölənlərin sayı 10-a vurulmalıdır.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid