VERGİ ORQANLARI İLƏ YEKUN VURURLAR
İclasın iştirakçıları ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Kollegiya iclasını giriş sözü ilə açan vergilər naziri Fazil Məmmədov ölkəmizdə bütün digər sahələrdə olduğu kimi, vergi xidmətinin də təşəkkülü və inkişafında Prezident Heydər Əliyevin müstəsna xidmətlərini xüsusi vurğuladı.
Vergilər nazirinin müavini Natiq Qasımov vergi orqanları qarşısında duran məsələlərdən danışaraq bildirdi ki, dövlətimizin başçısı İlham Əliyevin məlum Fərmanı vergi xidməti əməkdaşları üçün də mühüm vəzifələr müəyyən edir. Vergi nəzarətinin artırılması və nəzarət mexanizminin təkmilləşdirilməsi istiqamətində görülən tədbirlər daha dinamik xarakter almalıdır. Bu da öz növbəsində maliyyə intizamının gücləndirilməsində mühüm rol oynayacaqdır. Bununla yanaşı, sahibkarlıq subyektləri ilə qarşılıqlı iş prosesinin də keyfiyyəti yüksəldilməlidir. Vergi orqanlarının hər bir işçisi dövlət başçısının “məmurlar dövlət üçün, xalq üçün, vətəndaşlar üçün işləməlidir” tələbinin həyata keçirilməsi üçün səylərini əsirgəməməlidir.
Kollegiya iclasında 2003-cü ilin yekunları ilə bağlı bildirildi ki, ötən il vergi orqanları 4,062 trilyon manat büdcə proqnozuna qarşı 4,116 trilyon manat vergi və rüsumlar toplamış, vergi daxilolmaları üzrə proqnoz göstəriciləri 101,4 faiz yerinə yetirmişlər. Əvvəlki ilə nisbətən vergi daxilolmaları 717 milyard manat artıq olmuş, 11 tədiyə növündən 8-i üzrə icra artıqlaması ilə yerinə yetirilmişdir. Qeyri-dövlət sektorundan daxilolmalarda daha dinamik artım müşahidə olmuşdur.
İclasda çıxış edən vergilər naziri Fazil Məmmədov bütövlükdə vergi orqanlarının işini qənaətbəxş hesab etdi, eyni zamanda bildirdi ki, 2004-cü il vergi xidmətində islahatlar və əsaslı təkmilləşdirilmə tədbirləri davam etdiriləcəkdir. Vergi xidmətində iş prosesləri yeni proqram təminatlarına əsaslanacaq, habelə Avropa Şurasının TASİS proqramı ilə birgə vergi xidməti səviyyəsinin təkmilləşdirilməsi ilə bağlı layihə həyata keçiriləcəkdir.
Nazir sahibkarlarla iş prosesinin təkmilləşdirilməsi, maliyyə intizamına vergi nəzarətinin gücləndirilməsi, vergi xidmətinin daha keyfiyyətli həyata keçirilməsi barədə müvafiq tapşırıqlar verdi.
Kollegiya iclasında müzakirə edilən məsələlərə dair qərar qəbul olundu.