VERGİLƏR NAZİRLİYİNDƏ BEYNƏLXALQ VALYUTA FONDUNUN NÜMAYƏNDƏLƏRİ İLƏ MÜZAKİRƏLƏR APARILMIŞDIR
Görüşdə 2006-cı ilin birinci yarısında vergi daxilolmaları üzrə proqnozun icrası və ilin qalan ayları üçün büdcə proqnozu, eləcə də, 2007-ci ildə həyata keçiriləcək vergi siyasəti və gələn il büdcə gəlirlərinə dair proqnoz müzakirə edilmişdir.
Vergi sistemində həyata keçirilən islahatlar barədə məlumat verən nazir F.Məmmədov, cari ilin 6 ayı ərzində vergi daxilolmalarına dair proqnozun artıqlaması ilə yerinə yetirildiyini, həmin müddətdə dövlət büdcəsinə qeyri-neft sektoru üzrə proqnozlaşdırılan 403,9 milyon AZN əvəzinə 467,9 milyon manat vəsait ödənildiyini xüsusi vurğulamışdır. Fazil Məmmədov vergi borclarının məcburi alınması işinin təşkili, vergi inzibatçılığının təkmilləşdirilməsi və digər sahələrdə həyata keçirilən islahatlar hesabına 2007-ci ildə vergi daxilolmalarının daha 25 faiz artırılmasının proqnozlaşdırıldığını qeyd etmişdir.
BVF nümayəndə heyətinin rəhbəri V.Kramarenko qeyri-neft sektoru üzrə artımın hansı mənbələr hesabına əldə olunacağı ilə maraqlanmışdır. Vergilər naziri cari ildə ƏDV qeydiyyatının təkmilləşdirilməsi istiqamətində vergi qanunvericiliyinə edilən dəyişikliklər barədə məlumat vermiş və nağd hesablaşmalar həyata keçirilən sahələrə vergi nəzarətinin daha da gücləndirildiyini diqqətə çatdırmışdır.
Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq əlaqələrinə toxunan F.Məmmədov, Vergilər Nazirliyinin beynəlxalq qurumun tövsiyələrini hər zaman qəbul etməyə hazır olduğunu vurğulamış, lakin bu tövsiyələrin Azərbaycanın makroiqtisadi inkişafına mane olmamasını vacib şərt kimi diqqətə çatdırmışdır.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilmişdir.