Vətən müharibəsi nəticəsində psixoloji problemlər yaşayan vətəndaşlarımızın reabilitasiyası davam etdirilir
Bakı, 9 fevral, AZƏRTAC
Qırx dörd günlük Vətən müharibəsi nəticəsində psixoloji problemlər yaşayan qazilərimizin, o cümlədən doğmalarını itirmiş şəhid ailəsi üzvlərinin, erməni terrorundan fiziki və mənəvi zərər görmüş insanların psixoloji reabilitasiyasının daha səmərəli təşkili məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) dəvəti ilə qardaş Türkiyədən ölkəmizə gələn bir qrup peşəkar klinik-psixoloq və psixoterapevt fəaliyyətini davam etdirir.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin 112 - qaynar telefon xətti vasitəsilə psixoterapevtik yardım üçün qeydiyyata yazılmış vətəndaşlarımızdan bu günədək 300-ə yaxın şəxsə mütəxəssislər tərəfindən müvafiq yardım göstərilib.
Qeyd edək ki, FHN-in psixoloqları Vətən müharibəsi zamanı cəbhəyanı zonada, habelə erməni terrorunun hədəfi olmuş şəhər və rayonlarda əhaliyə yerində psixoloji yardım göstəriblər. Onlar şəhid ailələrinin üzvlərinə, yaralılara, mərmi və raket zərbəsinə hədəf olmuş evlərin sakinlərinə və müvəqqəti təxliyə edilmiş çoxlu sayda vətəndaşa baş çəkərək onlara psixoloji və mənəvi dəstək olublar.
Həmçinin yeni növ koronavirusun (COVID-19) səbəb olduğu pandemiyadan psixoloji sarsıntı keçirən vətəndaşlara ötən ilin aprel ayından etibarən FHN-in 112 - qaynar telefon xətti vasitəsilə təcili psixoloji yardım təşkil olunub. Ötən dövrdə 2 mindən artıq vətəndaş müvafiq psixoloji yardım alıb.
Xatırladaq ki, ödənişsiz psixoloji yardım almaq üçün FHN-in 112 - qaynar telefon xəttinə zəng etmək lazımdır.