Vətən müharibəsi qazisi Sumqayıt Reabilitasiya Mərkəzində işlə təmin edilib
Bakı, 24 may, AZƏRTAC
Vətən müharibəsi iştirakçısı Həsənli Sahil Rauf oğlu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən işlə təmin edilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, H.Z.Tağıyev qəsəbəsində yaşayan qazinin yaşayış yerinə yaxın olması nəzərə alınaraq agentliyin Sumqayıt şəhərindəki Reabilitasiya Mərkəzində operator vəzifəsinə təyin olunub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin olunan qazi müvafiq sosial ödənişlərlə (təqaüd və müavinət) təmin edilir. Onun mənzil və avtomobillə təminatı da həyata keçiriləcək.
Vətən müharibəsi qazilərinin yüksək texnologiyalı protezlə təminatı işləri aparılır. Artıq 17 qazi həmin müasir protezlə təmin olunub, daha 12 hərbçinin müasir protezlə təmin olunması üçün ölçülər götürülüb. Yuxarı ətrafı amputasiya olunmuş qazilərimizin də yüksək texnologiyalı protezlərlə təminatı üçün işlərə başlanıb. Onlardan biri kimi, hazırda S.Həsənlinin də yüksək texnologiyalı protezlə təmin olunması üçün işlər aparılır.