Vətən müharibəsi qazisi: Təki qanımız Vətən uğrunda axsın
Bakı, 8 iyul, AZƏRTAC
Müzəffər Azərbaycan Ordusunun çavuşu Nail Faiq oğlu Nəzərov 1998-ci ildə Yardımlı rayonunun Tahirli kəndində doğulub və orta təhsilini kənd məktəbində başa vurduqdan sonra həqiqi hərbi xidmətə yollanıb. Əsgəri xidmətini başa vursa da, müddətdən artıq hərbçi kimi davam etdirib.
AZƏRTAC xəbər verir ki, ötən ilin sentyabrında Vətənin müdafiəsinə qalxan Nail Nəzərov Füzuli və Cəbrayıl uğrunda gedən döyüşlər zamanı başından və boğazından qəlpə yarası alıb.
Hadisədən sonra sağ qolunun və sağ ayağının hissiyyatını itirən Nail indi əlil arabasından istifadə edir. Qarabağ qazisinin dediyinə görə, Silahlı Qüvvələrin Baş Klinik Hospitalında və Türkiyədə aldığı müalicələrdən sonra özünü nisbətən yaxşı hiss edir: ““YAŞAT” Fondunun maliyyə dəstəyi ilə Türkiyədə bir neçə dəfə əməliyyat olunmuşam. İndi isə Azərbaycanda - evdə müalicəmə davam edirəm. Təəssüf ki, başımda ağrılar olur, qıcolma yaranıb. Amma ümid edirəm ki, sağlamlığıma qovuşacam”.
“Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilən Vətən müharibəsi qazisi ona göstərilən dövlət qayğısından bəhs edib: “Göstərilən diqqət və qayğı üçün Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm. Həmçinin əziyyətimi çəkən bütün həkimlərə, o cümlədən “YAŞAT” Fondunun əməkdaşlarına təşəkkür edirəm”.
Nail Nəzərov söhbətini belə yekunlaşdırıb: “Əgər uşaqlara “Vətən torpağı uğrunda canından keçmək” nümunəsi ola bilirəmsə, nə xoş mənə! Tanrı arzusunda olan hər kəsə şəhidlik və qazilik zirvəsini nəsib etsin”.