Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan tarixinin ən parlaq səhifələrindən biridir
Qəbələ, 26 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 27 Sentyabr - Anım Günü ilə bağlı tədbir keçirilib.
Mərkəzdən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Mərkəzin direktoru Qalib Nəbiyev çıxış edərək, 27 Sentyabr - Anım Gününün xalqımızın müasir tarixində xüsusi yer tutduğunu, Vətənimizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsinin ən yüksək ehtiramla yad olunduğunu bildirib.
Mərkəzin direktoru regionda sülhün bərqərar olması istiqamətində atılan addımlardan söz açıb, bu il avqustun 8-də Azərbaycan ilə Ermənistan arasında Vaşinqtonda sülh sazişinin paraflanmasının bölgə üçün tarixi əhəmiyyət daşıdığını vurğulayıb. Bildirilib ki, Azərbaycanın irəli sürdüyü sülh təşəbbüsləri təkcə iki ölkənin deyil, bütövlükdə regionun firavan gələcəyinə xidmət edəcək.
Tədbirdə Ordunun rəşadəti, xalq və dövlətin birliyi ilə 44 gün davam edən Vətən müharibəsində qazanılan Zəfərin Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri olduğu xüsusi vurğulanıb. Vətən müharibəsində şanlı tarix yazan oğullarımızın, şəhidlərimizin, qazilərimizin döyüş yolundan söz açılaraq bu gün hər kəsin onlarla fəxr etdiyi, qürur duyduğu bildirilib.
Tədbirin gedişində videoçarxlar izlənilib, tələbələrin ifasında şeir kompozisiyaları səsləndirilib.