VƏTƏNDAŞ CƏMİYYƏTİNİN FORMALAŞMASINDAMƏHKƏMƏLƏRİN ROLU MÜHÜM AMİLDİR
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev tədbir iştirakçılarını – Ali, Apellyasiya, İqtisad Məhkəmələrinin, Naxçıvan MR Ali Məhkəməsinin, Ədliyyə Nazirliyinin, Mərkəzi Seçki Komissiyasının, Nəqliyyat Nazirliyinin, Bakı şəhəri və Abşeron rayonlarının nümayəndələrini salamlayaraq, tədbirin əhəmiyyətini vurğuladı və ÇTZ-nin rəhbərliyinə təşəkkürünü bildirdi.
Almaniyanın ölkəmizdəki səfiri Klaus Qrevlix, ÇTZ-nin “Azərbaycanda məhkəmə və hüquq islahatlarının dəstəklənməsi” layihəsinin rəhbəri Tomas Herrmann, Baden-Vürttemberq əyaləti Konstitusiya məhkəməsinin və Ştutqart Appelyasiya Məhkəməsinin sədri Eberhard Ştilts çıxışlarında vətəndaş cəmiyyətinin inkişafı sahəsində öz ölkələrinin təcrübəsindən, beynəlxalq təşkilatların rolundan, yeni idarəçilik metodlarının tətbiqindən danışdılar. Məhkəmə hakimiyyətinin müstəqilliyi məsələsinə toxunan, hüquqi vətəndaş cəmiyyətinin formalaşmasında məhkəmələrin əsas sahə olduğunu vurğulayan natiqlər dedilər ki, məhkəmə dövlət hakimiyyətinin azad qolu kimi tanınmalı və fəaliyyət göstərməlidir. Ümumiyyətlə, ədalət naminə qanunlar icra olunsa, münaqişələrə də ehtiyac qalmaz, müasir dövlətdə və cəmiyyətdə inteqrasiya prosesi sürətlənər.
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev “Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşmasında məhkəmələrin rolu” mövzusunda çıxış etdi, bu sahədə ölkəmizdə həyata keçirilən islahatlardan, aparıcı dövlətlərin təcrübəsinin öyrənilməsinin vacibliyindən söz açdı. O, Azərbaycanın qanunvericilik və idarəçilik sektorunda çalışanlar üçün bu cür diskussiyaların əhəmiyyətini vurğuladı.
Sonra “MDB ölkələrində məhkəmə hakimiyyəti və cəmiyyətin sabitliyi və inkişafında onun rolu”, “Vətəndaş cəmiyyətinin formalaşmasında məhkəmələrin rolu”, “Roma-alman və ümumi hüquq sistemlərinin müqayisəli təhlili”, “Azərbaycan məhkəmələrinin inkişafı perspektivlərinin bəzi məsələləri” mövzularında müzakirələr aparıldı.