Vətəndaşlar dövlət zəmanətli, yoxsa özəl ipoteka kreditləşməsinə etibar edir? - Sorğu
Bakı, 1 aprel, AZƏRTAC
Media Təhlil Mərkəzi əhalinin ipoteka kreditləşməsinə etibar səviyyəsini öyrənmək məqsədilə sorğu keçirib. Sorğuda iştirak edən 745 respondentin 38 faizini qadınlar, 62 faizini kişilər təşkil edib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, sorğunun nəticələrinə görə, respondentlərin 58,2 faizi ailəsinə məxsus mənzildə, 19,1 faizi kirayə, 11,5 faizi isə şəxsi mülkiyyətində olan mənzildə yaşadıqlarını qeyd ediblər. İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə mənzil sahibi olanlar sorğu iştirakçılarının 4,3 faizini, şirkətdaxili ipoteka krediti ilə aldığı mənzildə yaşayanlar 0,5 faizini, müvəkkil bankların vasitəçiliyi ilə aldığı mənzildə yaşayanlar 0,5 faizini, sosial ipoteka şərti ilə mülkiyyət sahibi olanlar isə cavab verənlərin 0,3 faizini təşkil edir.
Cavabların təhlilinə əsasən, respondentlərin 75,8 faizi dövlət zəmanəti ilə təqdim olunan ipoteka şərtlərinə, 13,7 faizi tikinti şirkətlərinin təklif etdiyi daxili kreditləşməyə, 10,5 faizi isə bankların daxili kredit şərti ilə təqdim olunan ipotekaya etibar edir. Sorğuda iştirak edənlərin 88,5 faizi tikintisi ilkin mərhələdə olan (bünövrəsi qoyulan) binadan mənzil almağı məqsədəuyğun hesab etməsə də, 11,5 faizi bu üsulla mənzil sahibi olmağı normal qəbul edib.