REGİONLAR
“Vətəndaşların seçki hüququnun təmini” mövzusunda növbəti dəyirmi masa Gəncədə təşkil olunub
Gəncə, 2 avqust, AZƏRTAC
Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının və Mərkəzi Seçki Komissiyasının (MSK) birgə təşkilatçılığı ilə “Vətəndaşların seçki hüququnun təmini” mövzusunda maarifləndirmə tədbirləri davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu istiqamətdə növbəti dəyirmi masa Gəncədə təşkil olunub.
Tədbirdə çıxış edən Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı ölkə Prezidentinin 2024-cü il 28 iyun tarixli Sərəncamı ilə cari il sentyabrın 1-nə parlamentə növbədənkənar seçkilərin təyin olunduğunu, vətəndaşların aktiv və passiv seçki hüquqlarının daha səmərəli təmini istiqamətində kompleks tədbirlərin həyata keçirildiyini deyib. Aparat rəhbəri müşahidəçilik institutunun əhəmiyyətindən, müvəkkilin və təsisatın bu prosesdəki rolundan danışıb. O, ombudsman Səbinə Əliyevanın təşəbbüsü, MSK-nın dəstəyi ilə paytaxtda və regionlarda birgə maarifləndirmə tədbirlərinin keçirildiyini, bu istiqamətdə ilk tədbirin Bakıda, bu gün isə Gəncədə təşkil olunduğunu bildirib.
A.Səfixanlı, eyni zamanda, Ombudsman təsisatının əməkdaşlarının bir qisminin parlament seçkilərində müstəqil müşahidəçi kimi iştirak edəcəyini diqqətə çatdırıb.
Sonra Mərkəzi Seçki Komissiyasının üzvləri İlham Məmmədov və Almas Qəhramanlı tərəfindən MSK-nın Milli Məclisə növbədənkənar seçkilər ərəfəsində həyata keçirdiyi işlər barədə məlumat verilib, maarifləndirmə tədbirlərinin davam etdirildiyi diqqətə çatdırılıb.
Yekunda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, mövzu ilə bağlı fikir mübadiləsi aparılıb.