Veteran futbolçu: Millimizin hazırkı potensialı daha yaxşı nəticələr qazanmağa imkan verir
Bakı, 14 oktyabr, AZƏRTAC
“Azərbaycan hazırda çox gözəl futbolçu nəslinə sahibdir. Kifayət qədər istedadlı oyunçunun cəmləşdiyi yığmamız var”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “Qarabağ” futbol akademiyasının koordinatoru Aftandil Hacıyev Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsində Tallində Estoniya yığmasına 2:0 hesabı ilə qalib gəldiyi oyun barədə danışarkən deyib.
42 yaşlı mütəxəssis bildirib ki, istənilən matçda qələbə hər zaman gözəldir: “Hamımız bu nəticəyə görə sevinirik. Statistika da göstərir ki, uzun müddət Estoniya ilə görüşlərdə çətinliklərimiz olub. Millimizin hazırkı potensialı bundan da artığına imkan verir. Məncə, daha güclü rəqiblərdən də xal almağın vaxtı yetişib. Çünki ölkə xaricində çıxış edən kifayət qədər oyunçumuz var. Ümid edirəm ki, gələcəkdə qrupdakı digər komandaları da məğlub edib xal ehtiyatımızı artıracağıq”.
Yığmanın çıxışını dəyərləndirən veteran futbolçunun sözlərinə görə, Estoniya ilə qarşılaşmada bütün oyunçular özlərini yaxşı tərəfdən göstərdilər: “Fikrimcə, hər biri öz mövqeyində səhvsiz oynadı. Kimisə fərqləndirmək istəməzdim. Hansısa məşqçinin meydana buraxdığı start heyəti ilə bağlı irad bildirmək düzgün deyil. Çünki matçdan əvvəl məşqçi daha hazır olan futbolçuları oynatmağa qərar verir. Oyunçular yığmaya dəvət alıblarsa, deməli, hər biri start heyətində meydana çıxmağa layiqdir”.
O, milli komandanın Estoniya yığmasını Bakıda məğlub edə bilməməsinin də səbəbini açıqlayıb: “Bu gün hamımız istedadlı futbolçuların yer aldığı yığmadan ağız dolusu danışsaq da, hələ istədiyimiz oyun üslubunu görə bilmirik. Sistemdən asılı olmayaraq, sabit çıxış etmək lazımdır. Yığmanın oyununda disbalans nəzərə çarpır. Komanda bəzi matçlarda yaxşı oynayıb, bəzilərində özünə bənzəmir. Amma dediyim kimi, hər an istənilən görüşün taleyini həll edə biləcək keyfiyyətli futbolçularımız var”.
A.Hacıyevin fikrincə, Azərbaycan millisinin oyunundakı qeyri-sabitlik futbolçuların öz klublarında yetərincə şans qazanmamaları ilə də bağlıdır: “Məşqçilərin ideyalarını və düşüncələrini məşqlərdə tətbiq etmək, matçlarda isə bunu futbolçulardan tələb etməklə oyun sabitliyini yaxalamaq olar. Təbii ki, nəticələrin yaxşı olması da buna təsir edə bilər”.
Yığmanın Bakıda Avstriyaya qarşı keçirəcəyi seçmə mərhələ oyununa da toxunan mütəxəssis həmin qarşılaşmanın fərqli olacağını vurğulayıb: “Ötən gün Avstriya millisi Belçikaya uduzdu. Düşünürəm ki, artıq bu cür rəqiblərdən də xal almalıyıq. Tarixdə belə nümunələr var. Şəxsən özüm də millinin heyətində Avstriyaya qarşı oynamışam. Oyunun gedişində hiss edirsən ki, topa daha çox sahib olmaqla qələbə qazanmaq mümkündür. Fikrimcə, Avstriya o rəqiblərdən deyil ki, biz millimizdən nəticə gözləməyək. İnanıram ki, bu ruh yüksəkliyi ilə qarşıdakı matçda da qələbə qazanacağıq”.
Qeyd edək ki, oktyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək Azərbaycan - Avstriya görüşü saat 20:00-da başlayacaq.