Vilnüs Universitetində Azərbaycan Auditoriyası açılıb
Bakı, 25 aprel, AZƏRTAC
Xarici işlər naziri Elmar Məmmədyarov Litva Respublikasına səfəri çərçivəsində Vilnüs Universitetində Azərbaycan Auditoriyasının açılış mərasimində iştirak edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Elmar Məmmədyarov Antakalnis məzarlığında Litvanın müstəqilliyi uğrunda mübarizədə həlak olanların memorialına əklil qoyub, xatirəsini ehtiramla anıb.
Azərbaycan Auditoriyasının açılış mərasimində xarici işlər naziri Elmar Məmmədyarovu Litvanın xarici işlər nazirinin müavini Daurius Skuçevius və Universitetin rektoru Arturas Zakauskas müşayiət edib.
Vilnüs Universitetində Azərbaycan auditoriyasının yaradılması universitetin müəllim və tələbə kollektivinin Azərbaycan həqiqətləri, ölkəmizin tarixi, mədəniyyəti, ədəbiyyatı, incəsənəti barədə məlumatlandırmaq, Azərbaycan ilə bağlı elmi-tədqiqat işlərinə dəstək vermək məqsədi daşıyır.
Auditoriyada seminar, mühazirə, film təqdimatı kimi, müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub. Burada ölkəmizə dair çoxsaylı kitablar, eləcə də litva dilində Azərbaycan haqqında dərc edilmiş nəşrlər və digər əyani vasitələr də yer alıb.
Auditoriya ilə tanış olan xarici işlər naziri Elmar Məmmədyarov mərkəzin iki ölkə arasında elmi və humanitar xarakterli təmasların təşviqinə, tələbələrarası əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Nazir Elmar Məmmədyarov Azərbaycan auditoriyasının açılışında iştirak edən litvalı jurnalistlərin suallarını cavablandırıb. Həmçinin Vilnüs Universitetində təhsil alan azərbaycanlı tələbələrlə görüşüb.
Vilnüs Universiteti Şərqi Avropanın ən qədim universitetlərindən biridir. Universitetdə Azərbaycandan 44 tələbə təhsil alır.