İQTİSADİYYAT
Vüqar Gülməmmədov: Əsas kapitala yönəldilən investisiyaların hesabatlılığının təkmilləşdirilməsinə ehtiyac var
Bakı, 25 noyabr, AZƏRTAC
Növbəti il 3,1 milyard manat proqnozlaşdırılan büdcə kəsirinin 1,8 milyard manatının daxili dövlət borclanması hesabına maliyyələşdirilməsi nəzərdə tutulur. Dövlət istiqrazları hesabına daxili borcun artımı davam etməkdədir ki, bu da özündə faiz xərclərinin artması ilə bağlı faiz riskinin, borcun yenidən maliyyələşdirilməsi zərurətindən irəli gələn təkrarmaliyyələşmə riskinin, maliyyə bazarlarında kifayət qədər vəsait cəlb etməklə əlaqəli likvidlik riskinin aktuallaşmasının göstəricisidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin noyabrın 25-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Palata sədrinin sözlərinə görə, borca xidmət üzrə faiz xərclərinin ötən illə müqayisədə 308 milyon manat çox nəzərdə tutulması, daxili borc portfelində müşahidə edilən qısamüddətli borcların üstünlük təşkil etməsi, dövlət istiqrazlarının orta gəlirlilik dərəcəsindəki fərqli dinamika bu risk amilinin xüsusi diqqətdə saxlanılmasının vacib olduğunu göstərir.
O, həmçinin bildirib ki, ölkə üzrə əsas kapitala yönəldilən investisiyaların hesabatlılığının təkmilləşdirilməsinə ehtiyac var. Təhlil əhəmiyyətli fərqlərin olduğunu göstərir. Fərqlərin səbəblərini araşdırmağa çalışmışıq. Fərqlərin bir hissəsi metodoloji yanaşmalarla bağlı olsa da, digər hissəsi bəzi qurumların statistika hesabatlarının təqdimetmə intizamındakı problemlərindən irəli gəlir. Qeyd olunan hallar sonda ölkənin makroiqtisadi göstəricilərinin doğruluğuna da təsir etməkdədir. Hesab edirik ki, bu məsələ ilə bağlı müxtəlif dövlət orqanlarının fəaliyyətindəki əlaqələndirmə bir qədər də gücləndirilməlidir.