Vyanada “Balaxanı Sənaye Parkı – tullantıların azaldılması və resursların artırılması” mövzusunda təqdimat maraqla qarşılanmışdır
Bakı, 8 oktyabr (AZƏRTAC). Avstriyanın paytaxtı Vyanada tullantıların idarə edilməsi üzrə Beynəlxalq konqres keçirilir.
Tədbirdə Azərbaycanı “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin (ASC) şöbə müdiri Sabit Zeyniyev təmsil edir.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Vyana şəhər bələdiyyəsi və Məişət Tullantıları üzrə Beynəlxalq Assosiasiya (ISWA) tərəfindən təşkil edilən konqres tullantıların idarə edilməsində əhəmiyyətli tədbirlərdəndir.
Beynəlxalq konqresdə Sabit Zeyniyev “Balaxanı Sənaye Parkı - tullantıların azaldılması və resursların artırılması” mövzusunda təqdimatla çıxış etmişdir. O, Bakıda tullantıların idarə edilməsi üzrə reallaşdırılan uğurlu layihələr, son illər ölkəmizdə “Yaşıl iqtisadiyyat”, xüsusilə təkrar emal sənayesinin formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat vermiş, Balaxanı Sənaye Parkının yaradılmasının bu sahədə mühüm addım olduğunu qeyd etmişdir.
Bildirilmişdir ki, parkda istifadə ediləcək xarici ölkələrin qabaqcıl təcrübəsi və innovativ texnologiyalar nəticəsində təbii resurslara və enerjiyə qənaət olunacaqdır. Təqdimatda Balaxanı Sənaye Parkında iş adamları üçün yaradılmış investisiya və vergi güzəştləri, hədəf sənaye sahələri, infrastruktur, eləcə də nəzərdə tutulan digər tədbirlər haqqında geniş məlumat verilmiş, parkın nəqliyyat qovşağına yaxın məsafədə yerləşməsinin istehsal edilmiş məhsulların asanlıqla son istifadəçiyə çatdırılmasına imkan yaratdığı vurğulanmışdır.
Təqdimatda, həmçinin şəffaflığın və məlumatlılığın təmin edilməsi məqsədi ilə Balaxanı Sənaye Parkının rəsmi internet səhifəsinin yaradıldığı və potensial investorların internet səhifəsində elektron qeydiyyat formasında müraciət imkanları qeyd olunmuşdur. Təkrar emal müəssisələrini özündə birləşdirən və regionda ilk bu cür sənaye parkı olan Balaxanı Sənaye Parkının təqdimatı tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.
“Təmiz Şəhər” ASC-nin nümayəndəsi iştirakçıların suallarını da cavablandırmışdır.
Konqres oktyabrın 11-də başa çatacaqdır.