DÜNYA
Vyanada İranın nüvə proqramı ilə əlaqədar vacib iclas keçiriləcək

Tehran, 6 aprel, AZƏRTAC
Bu gün Vyanada Nüvə razılaşması üzrə birgə komissiyanın iclası keçiriləcək. İclasda iştirak etmək üçün İranın xarici işlər nazirinin müavini Abbas Ərakçı Avstriyaya yola düşüb.
AZƏRTAC xəbər verir ki, dünya mətbuatının gündəmində olan bu iclas heç də asan keçməyəcək. İran, Çin, Rusiya, Fransa, Almaniya və Böyük Britaniya nümayəndələri nüvə proqramı ətrafında yaranan yeni vəziyyəti müzakirə edəcəklər. Hazırkı vəziyyət isə ondan ibarətdir ki, ABŞ-ın yeni Prezidenti Co Bayden İranla danışıqları bərpa etmək niyyətində olduğunu açıqlayıb. Lakin şərt irəli sürən rəsmi Vaşinqton bildirib ki, ilk olaraq İran uranın zənginləşdirməsini dayandırmalı və razılaşmaya əsasən üzərinə düşən bütün öhdəlikləri yerinə yetirməlidir. İran isə bəyan edir ki, 2015-ci ildə əldə edilən razılaşmadan ABŞ birtərəfli qaydada çıxaraq beynəlxalq hüquqa zidd addım atıb. Bunun müqabilində isə İran uranı razılaşmada nəzərdə tutulandan artıq həcmdə zənginləşdirməyə başlayıb.
Hazırda İran sanksiyaların tamamilə aradan qaldırılmasını tələb edir və bildirir ki, məhz sanksiyalar ləğv olunduqdan sonra rəsmi razılaşma üzrə öhdəliklərini yerinə yetirəcək. ABŞ isə tələb edir ki, öhdəliklər yerinə yetirilsin və ondan sonra sanksiyaları tədricən aradan qaldırmaq haqqında qərar qəbul edəcək. İran rəsmiləri bu vədlərə inanmır və bunun üçün də əsas var. Məsələnin mahiyyəti ondan ibarətdir ki, 2015-ci ildə ABŞ Prezidenti Barak Obama dönəmində imzalanan müqaviləni sonra prezident seçilən D.Tramp tanımaqdan imtina etdi və İrana qarşı sanksiyaları daha da artırdı. Bu təcrübədən çıxış edən İran danışıqların bərpasından əvvəl sanksiyaların aradan qaldırılmasını istəyir. ABŞ isə tələsmir və siyasi manevrlər edərək İranın raket proqramını da müzakirə mövzusuna çevirməyə çalışır.
Xatırladaq ki, 2015-ci ildə əldə olunan razılaşmada Çin, Rusiya, Fransa, Almaniya və Böyük Britaniya da iştirak ediblər. Lakin bu dövlətlərin heç biri ABŞ-ın İrana qarşı sanksiya qəbul etməsinə maneə ola bilməyib.
İran və Qərb mətbuatında dərc olunan materialların təhlili onu deməyə əsas verir ki, Vyanada keçirilən birgə komissiyanın iclasından çox şey gözləməyə dəyməz. Sadəcə olaraq, danışıqlarda iştirak edən Avropa dövlətləri İranı dilə tutmağa çalışacaqlar ki, güzəştə getsin və nüvə proqramını məhdudlaşdıraraq ABŞ-la danışıqlara başlasın.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran