Vyetnam mətbuatında Xocalı soyqırımı ilə bağlı məqalə dərc olunmuşdur
Hanoy, 13 mart (AZƏRTAC). Vyetnamın nüfuzlu VTC qəzetində Xocalı soyqırımına həsr olunmuş “Ermənistan silahlı qüvvələrinin Azərbaycanda törətdiyi dəhşətli qətliam faktına istinad” başlıqlı geniş məqalə dərc olunmuşdur.
Məqalənin müəllifi Ermənistan silahlı qüvvələri tərəfindən Xocalının mühasirəyə alınması və şəhərin dinc, müdafiəsiz mülki əhalisinə qarşı törədilmiş soyqırımı haqqında ətraflı məlumat vermişdir. Yazıda Ermənistan silahlı qüvvələrinin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinin dinc əhalisinə qarşı törətdiyi misli görülməmiş qəddarlıq nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i yaşlı insanlar olmaqla 613 nəfərin amansızlıqla qətlə yetirilməsi faktı əksini tapmışdır.
Müəllif Xocalı hadisələrinin günahkarlarının cəzalandırılmasının gələcəkdə bu cür soyqırımı hallarının təkrarlanmasının qarşısının alınması baxımından vacib olduğunu vurğulamış və beynəlxalq ictimaiyyət tərəfindən Xocalı soyqırımına hələ də tam şəkildə hüquqi qiymət verilməməsini təəssüflə qeyd etmişdir.
Yazıda dünya mətbuatında Xocalı soyqırımına dair dərc olunmuş məlumatlara istinad edilmişdir. Məqaləyə ermənilərin törətdikləri vəhşilikləri əks etdirən şəkillər də əlavə edilmişdir. Məqalənin tam mətnini http://vtc.vn/quoc-te/lat-lai-ho-so-vu-tham-sat-dam-mau-cua-quan-doi-armenia-o-azerbaijan-583111.html linkindən oxumaq olar.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Hanoy