Vyetnam Prezidenti: Ötən 25 ildə Azərbaycanla ənənəvi dostluğumuz əhəmiyyətli dərəcədə möhkəmləndirilib
Bakı, 28 oktyabr, AZƏRTAC
Vyetnam Sosialist Respublikasının Prezidenti Çan Day Kuanq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə təbrik məktubu göndərib.
AZƏRTAC xəbər verir ki, Prezident Çan Day Kuanq 2017-ci ilin Vyetnam və Azərbaycan üçün mənalı il olduğunu bildirib. “Fəxr edirik ki, ötən 25 il ərzində tarixdə baş verən bir sıra hadisələrə və qeyri-sabitliyə baxmayaraq ölkələrimizin ənənəvi dostluğu qorunmuş, yaxşılaşdırılmış və əhəmiyyətli dərəcədə möhkəmləndirilmişdir. Ölkələrimiz birgə səylər nəticəsində səmərəli dostluq və faydalı əməkdaşlıq qurmuş və inkişaf etdirmişdir. Bu münasibətlər hər iki ölkənin inkişafına müsbət töhfə vermiş və dünyada gedən dəyişikliklər kontekstində əməkdaşlığımız üçün güclü təməldir”, - deyə dövlət başçısı qeyd edib.
Vyetnam Prezidenti inandığını bildirib ki, səmimi, ənənəvi dostluğumuz ölkələrimizin və xalqlarımızın mənafeyi, tərəqqisi, regionda və dünyada sülhün möhkəmlənməsi işinə bundan sonra da töhfə verəcək.
Prezident Çan Day Kuanq Prezident İlham Əliyevə və Azərbaycan xalqına daha firavan və gözəl həyat, ölkəmizə yeni nailiyyətlər diləyib. O, Vyetnam-Azərbaycan dostluğunun və əməkdaşlığının daim möhkəmləndirilməsini və inkişaf etməsini arzu edib. “Xahiş edirəm, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti vəzifənizdə uğur arzularımı qəbul edin”, - deyə Vyetnam Prezidenti qeyd edib.