Vyetnamda Azərbaycanın Müstəqillik Günü qeyd olunub
Pekin, 26 may, AZƏRTAC
Vyetnamın ən mötəbər və müasir tədbir məkanı hesab olunan “Ho Guom Opera” səhnəsində 28 May – Müstəqillik Günü və Azərbaycan-Vyetnam strateji tərəfdaşlığının birinci ildönümü münasibətilə Hanoy şəhərində rəsmi qəbul, daha sonra təntənəli konsert proqramı təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Vyetnamın dövlət və hökumət strukturlarının nümayəndələrinin, diplomatik missiya rəhbərləri və təmsilçilərinin, mədəniyyət və ictimaiyyət xadimlərinin, iş adamlarının, Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası üzvlərinin, media nümayəndələrinin və bu ölkədə yaşayan həmvətənlərimizin qatıldığı tədbirdə əvvəlcə hər iki ölkənin Dövlət himnləri səsləndirilib.
Azərbaycanın Vyetnamdakı səfiri Şövqi Mehdizadə Müstəqillik Gününün Azərbaycan xalqının tarixində böyük əhəmiyyət daşıdığını və 108 il bundan əvvəl müsəlman Şərqində ilk demokratik parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulması ilə milli dövlətçilik ənənələrinin əsasında mühüm addımların atıldığını bildirib. Ş.Mehdizadə AXC-nin yaranmasının tarixi əhəmiyyətindən və gördüyü işlər barədə məlumat verərək, Azərbaycanın müstəqillik yolu və ötən dövrdə ölkəmizin əldə etdiyi mühüm nailiyyətlər barədə danışıb.
Ulu Öndər Heydər Əliyevin və Vyetnam lideri Ho Şi Minin qarşılıqlı səfərləri ilə xalqlarımız arasında dostluq münasibətlərinin əsasının qoyulduğu diqqətə çatdırılıb. Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın 2025-ci ilin mayında Azərbaycana dövlət səfəri ilə bu tarixi əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi məmnunluqla qeyd olunub.
Vyetnam Hökuməti adından çıxış edən xarici işlər nazirinin müavini Le Thi Thu Hanq Müstəqillik Günü münasibətilə Azərbaycan Hökumətinə və xalqına təbriklərini çatdıraraq, ölkəmizin Müstəqillik Gününün tarixi əhəmiyyətini vurğulayıb. Xanım Hanq ölkəmizin Avropa və Asiya sivilizasiyalarının qovuşduğu strateji mövqeyə malik olduğunu qeyd edərək, Azərbaycan xalqının milli quruculuq və inkişafda qazandığı böyük nailiyyətlərinin şahidi olmaqdan məmnunluq duyulduğunu və Azərbaycanın Avrasiya regionunda mühüm körpü rolunu oynadığını bildirib.
Sonra Azərbaycan bəstəkarı Qara Qarayevin 1955-ci ildə Sovet İttifaqının Vyetnama həsr etdiyi “Vyetnam” adlı ilk sənədli film üçün yazdığı “Vyetnam süitası” əsəri səsləndirilib. Vyetnam lideri Ho Şi Minin dəvəti ilə 1959-1962-ci illərdə Vyetnamda kinematoqrafiya məktəbinin yaradılması məqsədi ilə bu ölkədə yaşayan azərbaycanlı kinorejissor Əjdər İbrahimovun xatirəsinə həsr olunan sənədli film nümayiş etdirilib.
Tədbirin ikinci hissəsində dahi bəstəkarımız Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının ariyaları, eləcə də Vyetnamın azadlıq mübarizəsi dövrünün bəstəkarı Çinq Conq Sonun məşhur vətənpərvərlik mahnısının yer aldığı konsert proqramı baş tutub.