Vyetnamın bir sıra QHT və KİV rəhbərləri Azərbaycan həqiqətləri barədə məlumatlandırılıb
Bakı, 19 iyun, AZƏRTAC
Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin sədri, Milli Məclisin deputatı Qənirə Paşayeva Vyetnamın bir sıra tanınmış QHT və KİV rəhbərləri ilə görüşdə Azərbaycanla bağlı məlumat verib, ölkəmizin tarixi, keçdiyi inkişaf yolu, əldə etdiyi uğurlar, iqtisadi və turizm potensialı barədə danışıb. Bildirilib ki, Azərbaycanla Vyetnam arasında kifayət qədər uzunmüddətli diplomatik əlaqələr mövcuddur, yaxın vaxtlarda münasibətlərin 25 illiyi qeyd ediləcək. Ölkələrimiz arasında əməkdaşlığın daha da genişlənməsində QHT və KİV-in də üzərinə vəzifələr düşür.
Söhbət zamanı Vyetnam nümayəndələrinə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, doğma yurduna qayıda bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün, Xocalı soyqırımı ilə bağlı geniş məlumat verilib.
Vyetnamın QHT və KİV rəhbərləri Azərbaycana səfərdən, ölkəmizi yaxından tanımaq imkanından məmnun olduqlarını deyiblər. Onlar Azərbaycan QHT və KİV-i ilə əməkdaşlığın genişlənməsində maraqlı olduqlarını bildiriblər. Görüşdə Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin hazırladığı və içərisində Qarabağ həqiqətlərini, erməni yalanlarını əks etdirən sənədli filmlərin olduğu “Azərbaycan həqiqətləri” filmləri kataloqu və müxtəlif materiallar qonaqlara təqdim edilib.