Xaçaturyanın həbsi canilərin cəzalandırılması istiqamətində atılan mühüm addımdır – Rəy
Bakı, 31 iyul, AZƏRTAC
Üç il əvvəl - 2020-ci ilin payızında Azərbaycan Vətən müharibəsində möhtəşəm Zəfərlə beynəlxalq hüququ, haqq-ədaləti bərpa etdi. Torpaqlarımızın işğaldan azad edilməsi ilə dövlətimiz orada sürətli bərpa və quruculuq işlərinə başladı. Lakin biz heç vaxt arxayınlaşmırıq. Düşmənin hiyləgər təbiətini biz həm müharibə, həm də postmüharibə dövründə yaxından müşahidə etdik. Ermənistanın hərbi-siyasi rəhbərliyinin dinc əhaliyə qarşı terror siyasəti aparmasını, onun atəşkəs sazişlərini pozmasını, hətta üçtərəfli Bəyanatdan sonra erməni ictimaiyyətinin nümayəndələrinin terrora çağırışlarını unutmuruq. Xalqımız daim ayıq olmalı, işğaldan azad edilmiş ərazilərdə düşmənə yenidən baş qaldırmağa imkan verməməlidir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər kafedrasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru politoloq Fərhad Hüseynov söyləyib.
F.Hüseynov vurğulayıb: “Prezident İlham Əliyev Şuşa Qlobal Media Forumunda çıxışı zamanı Azərbaycana qarşı əsas təhlükələrlə bağlı fikirlərini bildirərkən diqqətə çatdırdı ki, biz artıq 30 il bizi narahat edən təhlükənin öhdəsindən gəlmişik. Dövlətimizin başçısı bizi ayıq olmağa, keçmişi unutmamağa çağırdı. Çünki Vətən müharibəsində aldığı dərsə baxmayaraq, Ermənistan dövlətində və cəmiyyətində revanşist ideyalarla yaşayan qüvvələr var. Azərbaycanda anadan olan və ölkəmizin çörəyini yeyən Vaqif Xaçaturyan kimilər arxadan kürəyə bıçaq vuranlardandır. Biz həmişə demişik ki, dinc erməni əhalisi Qarabağda azərbaycanlılarla yanaşı yaşaya bilər. Lakin problem ondadır ki, orada dinc əhali kimi qalan ermənilərin hər biri ciddi surətdə yoxlanılmalıdır”.
Onun sözlərinə görə, əks təqdirdə, biz heç zaman əmin ola bilmərik ki, bunlar həqiqətən də “dinc”dirlər. Hətta 1990-cı illərin müharibəsindəki hərbi canilər bu gün özlərini “dinc əhali” kimi qələmə verir. Xaçaturyanın həbsi bu istiqamətdə atılan mühüm addımdır.
“Dövlətimizin başçısının da qeyd etdiyi kimi, qonşularımızın “xalqımıza qarşı nifrəti normal insan psixikasına” sığmır. Biz qisas almaq üçün deyil, başımıza gətirilənlərin bir daha təkrarlanması üçün olanları unutmamalıyıq. Çünki biz bir dəfə səhv etmişik. Qonşulara çox inandıq və acısını hələ də çəkirik.. Unutmamalıyıq ki, heç vaxt təkrarlanmasın. Xaçaturyan kimilərinin həbsi və onların cəzalandırılması nifrətin başını əzəcək tək yoldur.