İQTİSADİYYAT
“XAÇMAZ” YARDIMÇI STANSİYASININ TİKİNTİSİNƏ HAZIRLIQ GEDİR
“Azərenerji” SC-nin prezidenti Etibar Pirverdiyevin Bakıda işgüzar səfərdə olan İslam İnkişaf Bankının (İİB) nümayəndəsi Valid Əbdülvahabla görüşü zamanı yüksək gərginlikli Xaçmaz yardımçı stansiyasının tikintisinə dair layihənin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə edilmişdir. “Azərenerji”nin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, respublika milli energetika idarəsinin rəhbərliyi 330 kilovoltluq “Xaçmaz” yardımçı stansiyasının tikintisi layihəsinin texniki-iqtisadi əsaslandırılmasını (TİƏ) təqdim etmişdir. Əsaslandırmanı müvafiq açıq müsabiqənin qalibi olan “Enerji C ənd L” Azərbaycan şirkəti məşhur “Dar Əl Həndəsi” transmilli şirkəti ilə tərəfdaşlıq şəraitində hazırlamışdır. Görüş zamanı tərəflər bütün işlərin ilin sonunadək başa çatdırılması və 2004-cü ilin əvvəlində kredit sazişi imzalanması barədə razılığa gəlmişlər. Xatırladaq ki, İİB 14 milyon dollar məbləğində qiymətləndirilən layihə üçün kredit ayıracaqdır. Layihənin həyata keçirilməsinin bir sıra üstünlükləri var. Belə ki, Yaşma-Dərbənd elektrikötürmə xəttindən qidalanacaq yardımçı stansiya ölkənin 500 mindən çox əhalisi olan şimal rayonlarına xidmət göstərəcəkdir.