Xaçmazda məktəblinin ölümü ilə bağlı araşdırma aparılır VİDEO
Xaçmaz, 21 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz rayonunun İbrahim Məlikov adına Xudat şəhər 5 nömrəli ümumi orta məktəbin VIII sinif şagirdi Rəcəbova Xədicə Rəcəb ölümü ilə bağlı araşdırma aparılır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə oktyabrın 21-də məktəbli idman dərsində olan zaman baş verib. Qəflətən halı pisləşən Xədicə Rəcəbova xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Məktəblinin meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsində müayinə olunub.
İlkin məlumata görə, Xədicə Rəcəbova xəstələndiyi üçün bir həftə evdə müalicə edilib. Müalicədən sonra yenidən məktəbə qayıdan şagirdin halı kəskin pisləşib.
Faktla bağlı araşdırmalar davam etdirilir.