Xaçmazın Qusarçay, Qubanın isə Digah kəndlərində yeni məktəb binaları tikilib
Xaçmaz, 3 aprel, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz rayonunda Qusarçay kənd tam orta məktəbi, Qubada isə Digah kənd tam orta məktəbi üçün binanın tikintisi yekunlaşır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xaçmaz rayonunun Qusarçay kəndində köhnə məktəb binasında əsaslı təmir işləri aparılmaqla yanaşı, təhsil ocağı üçün 3 mərtəbəli yeni korpus və idman zalı inşa edilib.
Arif Məmmədov adına Qusarçay kənd tam orta məktəbinin binası 93 il əvvəl istifadəyə verilib. Məktəbdə iki növbədə 900-dən çox şagird təhsil alır. Bir əsrə yaxın yaşı olan təhsil ocağının təmirsiz, maddi-texniki bazasının zəif olması tədrisin keyfiyyətinə mənfi təsir göstərirdi.
Təmir-tikinti işlərinə 2022-ci ilin yanvar ayında başlanılıb. Layihəyə əsasən yeni tikilən 960 şagird yerlik məktəbdə sinif otaqları, fənn kabinetləri, müəllimlər otağı, kitabxana, kompüter otağı, laboratoriyalar, akt və idman zalları, yeməkxana fəaliyyət göstərəcək. Artıq məktəb binasında son tamamlama işləri aparılır.
Quba rayonunun Digah kəndində də yeni məktəb binası tikilib. Yeni inşa olunan 360 şagird yerlik 3 mərtəbəli binada layihəyə əsasən sinif otaqları, müəllimlər otağı, kitabxana, kompüter otağı, laboratoriyalar, akt və idman zalları, yeməkxana fəaliyyət göstərəcək.
Fərhad Həmzəyev adına Digah kənd tam orta məktəbi müasir istilik və işıqlandırma sistemi ilə təchiz ediləcək. Yeni məktəb binasının həyətində qazanxana və su çənləri də tikilib.
Hər iki təhsil ocağının növbəti tədris ilindən istifadəyə verilməsi nəzərdə tutulub.