Xaçmazlı çağırışçı gənclər böyük ruh yüksəkliyi ilə hərbi xidmətə yollanıblar
Xaçmaz, 2 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Oktyabrın 2-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinin qarşısında qələbəlik yaşanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı əsasında xaçmazlı gənclər həqiqi hərbi xidmətə yola salınıblar.
Övladlarını əsgərliyə yola salan valideynlər gənclərə Vətənin keşiyində ayıq-sayıq dayanmaq, ölkəmizin ərazi bütövlüyünü şərəflə qorumağı tövsiyə ediblər.
“Hazırda cəbhədə gedən döyüşlər bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin gec-tez bərpa olunacağını göstərdi. Düşmən Azərbaycanın gücünü gördü və anladı ki, gec-tez ordumuz daha böyük zəfərlərə imza ataraq ölkəmizin ərazi bütövlüyünü bərpa edəcək. Mənim üçün də şərəfdir ki, oğlum belə bir Orduda xidmət edəcək”, - deyə övladını hərbi xidmətə yola salan Hafiz Ağarəhimov söyləyib.
Çağırışçı Tağı Tağıyev bildirib ki, cəbhədə qızğın döyüşlərin getməsi onları qorxutmur, əksinə daha tez hərbin sirlərinə yiyələnərək düşmənə qan uddurmaq niyyətindədir. “Hər gün televizorda Qarabağda gedən döyüşləri izləyirəm. Ordumuzla fəxr edirəm. Torpaqlarımız işğaldan azad olunur. Mən də bu döyüşlərdə iştirak etmək istəyirəm”, - deyə xaçmazlı çağırışçı bildirib.
Azərbaycan Silahlı Qüvvələri ən müasir hərbi texnikaya, güclü maddi-texniki bazaya və mükəmməl döyüş hazırlığına malik olduğu, bu ordunun istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirliyi vurğulanıb.
Hərbi xidmətə yola düşən gənc çağırışçılar Vətənə layiqli övlad kimi xidmət edəcəklərinə, qalib əsgərlər kimi dönəcəklərinə söz veriblər.
Çağırışçı gənclər böyük ruh yüksəkliyi ilə hərbi xidmətə yollanıblar.