Xalq artisti Murad Hüseynov mötəbər festivalda ölkəmizi təmsil edib
Bakı, 9 fevral, AZƏRTAC
Xalq artisti, pianoçu Murad Hüseynov XXI “Pekində görüş” Beynəlxalq Sənət Festivalında iştirak edib. Bütün dünyanın maraqla izlədiyi festivalda ölkəmizin klassik musiqi ifaçılıq sənəti ilk dəfə təmsil olunub.
AZƏRTAC xəbər verir ki, yanvarın 7-dən fevralın 4-dək keçirilən festivalda Xalq artisti Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini səsləndirib. Murad Hüseynovun çıxışı sənət festivalında 3 gün - 29 yanvar, 2 və 4 fevral tarixlərində altı onlayn kanal vasitəsilə nümayiş olunub. Əsas məqamlardan biri də odur ki, festivalın bağlanış mərasimində məhz Çindən olan sənətkarlarla yanaşı, azərbaycanlı pianoçunun da çıxışı yer alıb.
Qeyd edək ki, Murad Hüseynovun “Pekində görüş” festivalında iştirakı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və ölkəmizin Çindəki səfirliyinin dəstəyi ilə reallaşıb. Pianoçunun çıxışının videoçəkilişi Bakı Media Mərkəzi tərəfindən lentə alınıb.
XXI “Pekində görüş” Beynəlxalq Sənət Festivalı COVID-19 pandemiyası səbəbindən proqramına onlayn şoular əlavə edilib. "Qış ehtirası, onlayn sənətlər, klassiklər yaddaşda" adlanan "Pekində görüş" festivalında 24 ölkənin mədəniyyət və sənət adamları qatılıb. Festivaldan əvvəl Xalq artisti, pianoçu Murad Hüseynovun XXI “Pekində görüş” Beynəlxalq Festivalında iştirakı Çin mətbuatında geniş işıqlandırılıb. Beynəlxalq Sənət Festivalının kataloqu Azərbaycanlı sənətçi haqqında xüsusi məqalə dərc edib, Xalq artistinin festivalda iştirakı ilə bağlı videoçarx təqdim olunub.
Diqqətə çatdırmaq istərdik ki, Xalq artisti 2020-ci ilin oktyabr ayında da UNESCO-nun təşkilatçılığı ilə Gürcüstanda təşkil edilən beynəlxalq festivala dəvət almışdı. Bundan əvvəl 2019-cu ildən Fransanın “Mezzo” klassik musiqi televiziya kanalında Azərbaycanın Xalq artisti Murad Hüseynovun ifaları təqdim olunmaqda davam edir. Bu günədək Fransanın məşhur "Mezzo" telekanalında çıxış edən ilk azərbaycanlı ifaçı, Xalq artisti Murad Hüseynovun çıxışları 60 dəfədən artıq nümayiş olunub.