XALQ ARTİSTİ SÜLEYMAN ƏLƏSGƏROVUN XATİRƏ GECƏSİ KEÇİRİLMİŞDİR
Teatrdan AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, gecədə bədii rəhbər və direktor, xalq artisti Hacıbaba Bağırov və digər natiqlər çıxış edərək, Süleyman Ələsgərovun musiqi mədəniyyətimizin inkişafındakı xidmətlərindən danışmış, bəstəkarın xatirəsinin əbədiləşdirilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 20 fevral 2004-cü il tarixli Sərəncamını yüksək qiymətləndirmişlər.
Qeyd olunmuşdur ki, müxtəlif musiqi janrlarında əsərlər yaratmış Süleyman Ələsgərovun yaradıcılığında operetta mühüm yer tutmuşdur. Bəstəkarın çoxsaylı operettaları ölkəmizdə əsası dahi Üzeyir Hacıbəyov tərəfindən qoyulmuş musiqili komediya janrının inkişafında əvəzsiz rol oynamış, yeni-yeni ifaçılar nəslinin yetişməsinə təkan vermişdir. Bu operettaların hər biri Azərbaycanın musiqi həyatında əlamətdar hadisə kimi qiymətləndirilmiş, tamaşaçıların rəğbət və məhəbbətini qazanmışdır.
Axırda xalq artisti Süleyman Ələsgərovun yazıçı İsi Məlikzadənin librettosu əsasında yazdığı “Hərənin öz ulduzu” iki hissəli operettasının tamaşası olmuşdur.