XALQ ARTİSTİ ZEYNƏB XANLAROVAYA
Sizi - Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsini yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm, Sizə cansağlığı, uzun ömür və müvəffəqiyyətlər arzulayıram.
Sizin Azərbaycan səhnəsində atdığınız ilk addımlar nadir bir istedadın sənətə qədəm qoymasından xəbər verirdi. Gözəl səsiniz, təkrarolunmaz ifa tərziniz və müasir musiqi duyumunuz sənətsevərlər tərəfindən böyük rəğbətlə qarşılanaraq, novatorluğun və ənənəviliyin sintezi kimi qəbul olunmuşdur. Sizin ifaçılıq sənətiniz gözəl bəstəkarlıq istedadı və muğam sənətinin nadir bilicisi qabiliyyəti ilə ahəngdar vəhdət təşkil etmişdir.
Milli opera səhnəmizdə yaratdığınız obrazlar Azərbaycan teatrının qızıl fonduna əbədi daxil olmuşdur. Oxuduğunuz Leyli və Əsli partliyaları bu rolların qəbul olunmuş ifa tərzinə yeni çalarlar gətirmişdir.
Siz Azərbaycan mədəniyyətini ölkəmizin hüdudlarından kənarda da layiqincə təmsil etmisiniz. Xaricdə verdiyiniz konsertlərdə Azərbaycan muğamlarını, təsnif və mahnıları dünya xalqlarının musiqisi ilə yanaşı səsləndirərək, pərəstişkarlarınızın sayını artırmışsınız.
Ölkəmizdə və cəmiyyətimizin həyatında baş verən proseslərdən qıraqda qalmağı bacarmayan həqiqi sənətkar kimi Sizin ictimai fəaliyyətiniz də təqdirəlayiqdir. Milli Məclisin deputatı kimi Siz daim Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə xidmət edirsiniz.
Ümidvaram ki, Siz bundan sonra da öz nadir istedadınızı və tükənməz enerjinizi Azərbaycan mədəniyyətinin inkişafı naminə yeni-yeni layihələrinizdə reallaşdıracaqsınız.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 dekabr 2006-cı il.