XALQ RƏSSAMI HÜSEYN ƏLİYEVİN FƏRDİ SƏRGİSİ ABU DABİDƏ BÖYÜK MARAQ DOĞURMUŞDUR
Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, sərginin açılış mərasimində Azərbaycanın mədəniyyət nazirinin müavini Ə.Vəliyev, Rəssamlar İttifaqının sədri F.Xəlilov, rəssam Hüseyn Əliyevin nəvəsi Ə.Əliyev, respublikamızın BƏƏ-dəki səfiri E.Səlimov, Abu Dabi Mədəniyyət Fondunun sədr müavini Xaltan Əl Mehairi, BƏƏ İnformasiya və Mədəniyyət Nazirliyinin idarə rəisi Vahid Əl Zaabi, Mədəniyyət Fondunun idarə rəisi Sultan Əl Xatib iştirak etmişlər.
Açılış mərasimindən əvvəl keçirilmiş görüşdə xalq rəssamı Hüseyn Əliyevin yaradıcılığı, həmin sərgidə nümayiş olunan və digər əsərləri, mədəniyyətimizin inkişafındakı xidmətləri, sənətkarın əməyinin dövlətimiz tərəfindən yüksək qiymətləndirilməsi barədə ətraflı məlumat verilmişdir.
Görüşdə Azərbaycan nümayəndə heyəti BƏƏ tərəfi ilə xalqımızın qədim irsi, iki ölkə arasında mədəni əlaqələrin genişləndirilməsi kimi məsələləri müzakirə etmişlər.
Mədəniyyət Fondunun sədr müavini sərgidə nümayiş olunan rəsmlərə baxandan sonra Hüseyn Əliyevin yaradıcılığını yüksək qiymətləndirmiş və bu sərginin Azərbaycanla BƏƏ arasında mədəni əlaqələrin möhkəmlənməsinə yeni təkan verəcəyini vurğulamışdır. Rəssamın nəvəsi Ədalət Əliyevin babasının əsərlərini toplayıb qorunmasını, onları sərgidə nümayiş etdirmək üçün hazırlanmasını Xaltan Əl Mehairi xüsusi qeyd etmişdir. Bundan əlavə, Mədəniyyət Fondunun rəsmisi bu sərginin Azərbaycanın digər rəssamlarının əl işlərinin gələcəkdə BƏƏ-də sərgilənməsi istiqamətində gözəl başlanğıc olduğunu bildirmişdir.
Mərasimdə Abu Dabidə akkreditə olunmuş səfirlər və dipkorpusun nümayəndələri, BƏƏ-də yaşayan azərbaycanlılar, ictimaiyyətin və KİV nümayəndələri iştirak etmişlər. Sərgi tamaşaçılarda çox böyük maraq doğurmuşdur. Xalq rəssamı Hüseyn Əliyevin əsərlərinin sərgisi martın 10-dək davam edəcəkdir.