XALQ ŞAİRİ SÜLEYMAN RÜSTƏMİN 100 İLLİK YUBİLEYİ İLƏ ƏLAQƏDAR XATİRƏ GECƏSİ KEÇİRİLMİŞDİR
İnstitutun foyesində görkəmli şairin həyat və yaradıcılığını əks etdirən fotostend və sərgi təşkil olunmuşdu.
İnstitutun direktoru İsa Məmmədov Süleyman Rüstəm haqqında ürək sözlərini söyləmiş, onunla bağlı xatirələrini danışmış, filologiya elmləri namizədi Aydın Paşayev böyük şairin yaradıcılığı haqqında geniş məruzə etmişdir.
Məruzəçi və digər çıxış edənlər böyük ustadın zəmanəsinin ən incə zövqlü liriklərindən biri olduğunu, Cəfər Cabbarlı, Səməd Vurğun, Mikayıl Müşfiq, Rəsul Rza kimi qələm və məslək dostları ilə birlikdə ədəbiyyatımızın inkişafındakı böyük xidmətlərini, yaradıcılığında mühüm yer tutan Cənub şeirlərinin XX əsr Azərbaycan poeziyasının incilərindən sayıldığını vurğulamışlar. Ümummilli lider Heydər Əliyevin ustad şairə daim diqqət və qayğı ilə yanaşdığı S.Rüstəmin, eyni zamanda, ictimai-siyasi xadim kimi də tanındığı, uzun müddət keçmiş Azərbaycan SSR Ali Sovetinin sədri olduğu xatırladılmışdır. Bildirilmişdir ki, Süleyman Rüstəmin adı, şeirləri qədirbilən xalqımızın qəlbində daim yaşayacaqdır.
Mərasimdə S.Rüstəmin həyat və yaradıcılığını əks etdirən videokadrlar göstərilmiş, şeirləri söylənmişdir.
Xalq şairinin oğlu Azad Rüstəmzadə Prezident İlham Əliyevin Süleyman Rüstəmin 100 illik yubileyi ilə əlaqədar fevralın 6-da imzaladığı Sərəncamı, aprelin 21-də Heydər Əliyev adına Sarayda keçirilmiş təntənəli yubiley gecəsini şairin yaradıcılığına dövlət qayğısı kimi qiymətləndirmiş, xatirə gecəsinin təşkilatçılarına və iştirakçılarına ailə üzvləri adından minnətdarlığını bildirmişdir.