XALQ ŞURASININ ÜZVLƏRİ TÜRKMƏNİSTAN PREZİDENTİNİN TƏKLİFİNİ RƏDD ETMİŞLƏR
Dövlət başçısının “Prezident seçkiləri haqqında” qanun layihəsini müzakirə etmək təklifini salondakı üç min xalq nümayəndəsi gurultulu alqışlarla kəsmişdir. Mərkəzi Seçki Komissiyasının sədri Murad Karıyev Xalq Şurasının iclasından birbaşa canlı telereportaj zamanı prezidentə müraciətlə demişdir: “Gördüyünüz kimi, xalq bunun əleyhinədir, xalqın ömürlük prezidenti var”.
Niyazovun qəbul etdirmək istədiyi qanun layihəsində onun 69 yaşı tamam olacaq 2009-cu ildə prezident seçkiləri keçirilməsi nəzərdə tutulur. Niyazovun fikrincə, “70 yaşdan sonra dövlət rəhbərinin səhhəti ona öz vəzifələrini tam dolğunluğu ilə yerinə yetirməyə imkan vermir”.
Saparmurad Niyazov Türkmənistana 20 ildən çoxdur dəyişmədən rəhbərlik edir - 1985-ci ildən Türkmənistan KP MK-nın birinci katibi kimi, 1990-cı ildən isə bütün xalq tərəfindən seçilmiş prezident kimi. Təkrar prezident seçkiləri müstəqil Türkmənistanın 1992-ci ildə qəbul edilmiş Konstitusiyasına uyğun olaraq həmin ilin iyununda keçirilmişdir. 1994-cü ilin yanvarında referendumun yekunlarına əsasən, Niyazov növbəti seçkilər keçirilmədən ikinci müddətə prezident qalmışdır. 1999-cu ilin dekabrında isə Xalq Şurası onun ömürlük prezidentliyi barədə qərar qəbul etmişdir.