MƏDƏNİYYƏT
Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində Azərbaycan gənclərinin təşəbbüs qrupunun yaradıcılıq gecəsi keçirilib
Moskva, 1 sentyabr, AZƏRTAC
Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki “Azərbaycan” pavilyonunun oranjereyasında “Xəzər Dənizinin Quldurları” Azərbaycan gənclərinin təşəbbüs qrupunun (GTQ) “Sözlər və musiqi” yaradıcılıq gecəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirin iştirakçıları öz şeirləri, eləcə də Azərbaycan şairləri Mikayıl Müşfiq, Süleyman Rüstəm və Səməd Vurğunun əsərlərini oxuyublar.
Gecənin musiqili hissəsində Polad Bülbüloğlu, Müslüm Maqomayev və Vaqif Mustafazadənin əsərləri ifa olunub. Tamaşaçılara Azərbaycan kinematoqrafının klassikası olan “Arşın mal alan”dan miniatür və milli Azərbaycan rəqsləri təqdim olunub. “Dərbəkeş” Şərq balabanları ansamblı da çıxışı ilə tamaşaçıları sevindirib.
Sonra qonaqlar ənənəvi Azərbaycan şirniyyatından zövq alıblar. “Xəzər Dənizinin Quldurları” GTQ üzvləri bütün iştirakçılara fəxri fərman təqdim edib, “Azərbaycan” pavilyonunun kollektivinə tədbirin keçirilməsinə imkan yaratdığına görə təşəkkür ediblər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva