Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin “Azərbaycan” pavilyonunda master-klas təşkil olunub





Moskva, 19 aprel, AZƏRTAC
Aprelin 19-da Moskvadakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin “Azərbaycan” pavilyonunda 8–15 yaşarası uşaqlar üçün “Torpaq çiçəklərlə gülümsəyir” adlı yaradıcı master-klas təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirin məqsədi böyüyən nəsil üçün təsviri incəsənətin əsaslarını öyrətmək, onların bədii təxəyyülünü inkişaf etdirmək və yaradıcılığa həvəs aşılamaq olub.
Master-klası peşəkar pedaqoq və rəssam Svetlana Fedotova aparıb. O, həm də hazırda pavilyonda fərdi sərgisi açılan Rusiya Federasiyasının Əməkdar rəssamı, SSRİ, Azərbaycan, Rusiya və Monqolustan Rəssamlar İttifaqlarının üzvü, professor Caid Cəmalın yaradıcılıq irsinin qoruyucusudur.
Svetlana Fedotovanın rəhbərliyi altında uşaqlar akril boyalardan istifadə etməklə fırça ilə işləmə texnikasının baza biliklərini, rənglə işləmə incəliklərini və kompozisiya qurma üsullarını öyrəniblər. Həmçinin hər bir iştirakçı öz parlaq və rəngarəng çiçək tablosunu yaradıb.
Master-klas “Azərbaycan” pavilyonunun mədəni proqramın bir hissəsi olaraq, uşaq yaradıcılığına dəstək vermək, təsviri sənəti populyarlaşdırmaq və mədəni əlaqələri gücləndirmək məqsədi daşıyır.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva