XALQIMIZ DAHİ OĞLUNA TÜKƏNMƏZ EHTİRAMINI, SONSUZ SƏDAQƏTİNİ BİLDİRMƏKDƏ DAVAM EDİR
Azərbaycanın XX əsr tarixində izdihamlı dəfn mərasimləri olub. Əsrin əvvəllərində Həsən bəy Zərdabinin, 40-cı illərdə Üzeyir Hacıbəyovun, 50-ci illərdə Səməd Vurğunun, 1990-cı ildə 20 Yanvar şəhidlərinin dəfn mərasimləri yaddaşlardadır. Lakin Bakı kücələri heç vaxt bu qədər qələbəlik, izdihamlı olmamış, Fəxri xiyaban bu qədər ziyarətçi görməmişdir.
Ziyarətçilər arasında tanınmış mədəniyyət və incəsənət adamları diqqəti cəlb edir. Bu adamlar onların zəhmətini layiqincə qiymətləndirən böyük rəhbərə son borclarını vermək üçün buraya gəlmişlər. Azərbaycan mədəniyyətinin və incəsənətinin böyük himayədarının vəfatı onları çox göynədir. Müğənnilər - Yalçın Rzazadə, Canəli Əkbərov göz yaşlarını çətinliklə boğurlar.
Respublikanın xalq artisti, Prezident təqaüdçüsü Canəli Əkbərov AZƏRTAC-ın müxbiri ilə sənətçi həmkarlarının ağrısını bölüşür:
-Prezidentimiz Heydər Əliyev bütün mənalı ömrünü Azərbaycanın inkişafına həsr edib. Mədəniyyətimizin çiçəklənməsi üçün nəhəng işlər görüb. Sənətin, sənətçinin qədrini bilirdi. Sosial vəziyyətimizi yaxşılaşdırmağa xidmət edən nə qədər sərəncamlar imzalamışdı! Respublika sarayında, digər salonlarda incəsənət ustalarının çıxışı başa çatandan sonra mütləq səhnəyə qalxar, hərəni öz dili ilə dindirər, hamıya təşəkkür edərdi. İnanırsınızmı, bu təşəkkür hər hansı bir mükafatdan, fəxri addan daha ürəyəyatan idi. Allah rəhmət eləsin, qəbri nurla dolsun.
Minlərlə vətəndaş öz hisslərini göz yaşları ilə ifadə edir. Adını soruşmağa cəsarətimiz çatmayan bir ağbirçək göz yaşları axıda-axıda bircə cümlə deyə bildi: “Allah oğlunu yerində bərqərar etsin!”.
Özünü toxtaq aparmağa çalışan ağsaqqal da çox danışa bilmir: “Təsəllimiz budur ki, yeni seçilmiş Prezidentimiz, Heydər Əliyevin siyasətini davam etdirəcəyinə söz vermişdir. Onun ilk addımları göstərir ki, verdiyi sözə əməl edir...”.
Milli Məclisin deputatı, Xocalının ağır günlərində rayona rəhbərlik etmiş Elman Məmmədov da buradadır. O, Naxçıvana səfərlərini, həmin vaxt muxtar respublika Ali Məclisinin sədri Heydər Əliyevlə görüşlərini xatırlayır, müdrik siyasətçinin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra Prezident Sarayında Xocalı sakinlərini qəbul edib onlarla səmimi söhbət etdiyini yada salır.
...Minlərlə adam Heydər Əliyevin gülümsər, təbəssümlü çöhrəsini əks etdirən portreti asılmış, əklillərə və güllərə qərq olmuş məzarını gecədən xeyli keçənədək ziyarət edir. Böyük Azərbaycanlı ilə vidalaşma mərasimi sabah davam edəcəkdir.