“Xalqın lideri” mövzusunda “dəyirmi masa” keçirilmişdir
Bakı, 2 noyabr (AZƏRTAC). Noyabrın 2-də Bakıda “Vəfa” Ziyalı Qadınlar İctimai Birliyinin təşkilatçılığı ilə “Xalqın lideri” mövzusunda “dəyirmi masa” keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilmiş tədbir Azərbaycanın son illər əldə etdiyi böyük nailiyyətlərə, Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətinə həsr olunmuşdur.
İctimai Birliyin sədri Əsmayə Cavadova çıxış edərək bildirmişdir ki, Azərbaycan xalqı oktyabrın 9-da yüksək etimad göstərərək İlham Əliyevi yenidən Prezident seçmişdir. Bu seçim dövlətimizin başçısının son 10 ildə həyata keçirdiyi uğurlu siyasətə xalqımızın verdiyi qiymətdir. Təbii ki, bütün bu uğurların kökündə dayanan əsas amil ümummilli lider Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilməsidir. Ulu Öndərin Azərbaycanın ən yeni tarixində mühüm rolu olan milli inkişaf konsepsiyası artıq bəhrəsini vermişdir.
Əsmayə Cavadova demişdir: “Tarix sübut edir ki, zamanın nəbzini tutmağı, hadisələrə real qiymət verməyi bacaran, cəmiyyətdəki prosesləri düzgün istiqamətləndirməyə nail olan, təmsil etdiyi xalqın maraqlarını daim uca tutan, ən ekstremal vəziyyətlərdə belə optimal qərarlar qəbul etmək bacarığı ilə seçilən Prezident İlham Əliyev Azərbaycanın alternativsiz lideridir”.
Milli Məclisin deputatı Məlahət İbrahimqızı, Bakı Dövlət Universitetinin professoru, Əməkdar Müəllim İradə Hüseynova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, fəlsəfə elmləri doktoru Rəna Mirzəzadə, Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, AMEA-nın Ədəbiyyat İnstitutunun professoru Mahirə Quliyeva və digərləri çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən 10 ildə Azərbaycanda gedən sürətli inkişaf proseslərindən, həyata keçirilən uğurlu islahatlardan, ölkəmizin beynəlxalq miqyasda qazandığı nailiyyətlərdən danışmışlar. Diqqətə çatdırılmışdır ki, dövlətimizin başçısının əzmkarlıqla davam etdirdiyi çoxşaxəli islahatlar kursu ötən dövrdə respublika iqtisadiyyatında böyük uğurlara zəmin yaratmış, hər bir vətəndaşın rifahının yaxşılaşmasına səbəb olmuşdur. On il ərzində Azərbaycanın başqa ölkələrə nümunə olan dinamik inkişaf yolu keçməsi, iqtisadiyyatın 3 dəfədən çox, dövlət büdcəsinin 20 dəfə artması, 1 milyon 200 mindən artıq yeni iş yerinin açılması və yoxsulluğun səviyyəsinin 49 faizdən 5,5 faizə endirilməsi bunun bariz təsdiqidir. Bütün bu uğurlar Prezident İlham Əliyevə ümumxalq etimadını əhəmiyyətli dərəcədə gücləndirmiş, ona görə də bu siyasətin davam etdirilməsi cəmiyyətin bütün təbəqələri tərəfindən dəstəklənmişdir.
Çıxışlarda, həmçinin bildirilmişdir ki, Prezident İlham Əliyevin iştirak etdiyi, o cümlədən Bakıda keçirilən mötəbər beynəlxalq tədbirlər Azərbaycanın dünyada artan nüfuzunu təsdiq edən mühüm amillərdir. Azərbaycan artıq beynəlxalq siyasi, iqtisadi, idman, humanitar və s. tədbirlərin keçirildiyi məkana çevrilmişdir. Ölkəmizin mədəniyyətlərarası və sivilizasiyalararası dialoq üzrə mərkəzlərdən biri olmasını bütün dünya qəbul edir.
Bildirilmişdir ki, həyata keçirilən dövlət proqramları bütün bölgələrin tarazlı inkişafına nail olmaqla əhalinin məşğulluğunun təmin edilməsinə, abadlıq, quruculuq işlərinin aparılmasına, infrastrukturun yenidən qurulmasına imkan yaratmışdır. Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycan həm də kosmik klubun üzvü olmuşdur.
Müzakirələrlə davam edən “dəyirmi masa”da qadınların cəmiyyətdə rolu və məsuliyyəti məsələsi ilə bağlı səmərəli fikir mübadiləsi aparılmışdır.
2006-cı ildən fəaliyyət göstərən “Vəfa” Ziyalı Qadınlar İctimai Birliyi həm ölkədə, həm də xaricdə bir sıra aktual layihələrə imza atmışdır. Birliyin təşəbbüsü ilə Türkiyədə, Fransada, Belçikada, Rusiyada və digər ölkələrdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tədbirlər keçirilmişdir. Bundan başqa, İctimai Birlik gənclərin yaradıcı qabiliyyətinin stimullaşdırılmasını, qadınların hüquqlarının qorunmasını, mütəmadi olaraq uşaq evlərinə yardımlar edilməsini diqqət mərkəzində saxlayır.