“Xarı Bülbül - Qarabağın sirli möcüzəsini tanıdaq” müsabiqəsi başa çatıb
Ağcabədi, 14 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Gənclər üçün Təhsil Mərkəzinin təşkil etdiyi “Xarı Bülbül - Qarabağın sirli möcüzəsini tanıdaq” adlı rəsm və yazı müsabiqələri başa çatıb. Bununla əlaqədar Ağcabədi rayonunda qaliblərin mükafatlandırma mərasimi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasimdə Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ Regional Ofisinin rəhbəri Radə Qafarova Vətən müharibəsindən sonra belə bir müsabiqənin keçirilməsinin vacibliyini vurğulayıb. Bildirib ki, gənclərimiz Qarabağın sirli möcüzəsini tanımalı və gələcək nəsillərə də tanıtmalıdırlar. R.Qafarova diqqətə çatdırıb ki, online platformalar vasitəsilə keçirilən müsabiqələrə gənclər böyük maraq göstərib.
Daha sonra münsiflərin rəyləri əsasında həm rəsm, həm də yazı müsabiqəsinin qalibləri elan olunub. Yazı müsabiqəsi üzrə Şakirə Səfərzadə birinci, Fidan Allahverdiyeva ikinci, Aysu Məmmədzadə üçüncü yerin, rəsm müsabiqəsi üzrə Aysel Əmrahova birinci, Şəbnəm İbadova ikinci, Tahirə İsmayılova üçüncü yerin qalibi seçilib. Qaliblərə diplom, kubok və hədiyyələr təqdim olunub. Bundan başqa Xədicə Hüseynova, Xumar Məmmədova, Fəridə Əkbərova, Sədaqət Məmmədova və Aytac Abışova həvəsləndirici yerlərə layiq görülüblər.
Qeyd edək ki, “Xarı Bülbül - Qarabağın sirli möcüzəsini tanıdaq” layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşdırılır.