“XARİCİ DİASPOR RUSİYANIN İQTİSADİ POTENSİALIDIR” MÖVZUSUNDA “DƏYİRMİ MASA”NIN YEKUNLARI MÜZAKİRƏ EDİLMİŞDİR
Ş.Abdullayev bildirmişdir ki, bu cür tədbirlərin keçirilməsi Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası prosesini sürətləndirəcək, sahibkarlığa yardım göstərəcək, ölkəmizdə on minlərlə iş yerlərinin açılmasına imkan yaradacaqdır. İcraçı direktor demişdir: “Moskva meri Yuri Lujkovun Bakıya səfəri çərçivəsində keçirilmiş “dəyirmi masa” Rusiya Federasiyası paytaxtı və Azərbaycan arasında daimi dostluq siyasətinin daha bir sübutudur”.
O xatırlatmışdır ki, ümummilli liderimiz, Prezident Heydər Əliyevin xeyir-duası ilə yaradılmış Azərbaycan-Moskva hökumətlərarası komissiyasının fəaliyyəti ərzində iqtisadi münasibətlərin yaxşılaşdırılması, ölkələrimiz arasında əmtəə dövriyyəsinin artırılması üçün baza yaradılması sahəsində böyük işlər görülmüşdür.
Ş.Abdullayev vurğulamışdır ki, Azərbaycan böyük potensiala malikdir və bundan ikitərəfli münasibətlərin inkişafı üçün istifadə olunmalıdır. O xatırlatmışdır ki, forum zamanı 90-dan çox biznes-plan müzakirə edilmiş, onların bəzilərinə dair ilkin protokollar imzalanmışdır.