XARİCİ İŞLƏR NAZİRİ ELMAR MƏMMƏDYAROVBƏHREYN KRALLIĞINDA SƏFƏRDƏDİR
Xarici İşlər Nazirliyinin mətbuat mərkəzindən AZƏRTAC-a daxil olan məlumata görə, xarici siyasət idarəsinin başçısı E.Məmmədyarovu Bəhreyn hava limanında bu ölkənin xarici işlər naziri Xalid bin Əhməd bin Məhəmməd Əl Xəlifə qarşılamışdır. Elə həmin həmin gün Bəhreyn XİN adından nazir E.Məmmədyarovun şərəfinə nahar verilmişdir. Ziyafətdə Bəhreyn XİN-in rəsmi nümayəndələri, parlamentin və hökumətin üzvləri iştirak etmişlər.
Nazir E.Məmmədyarov yanvarın 4-də bəhreynli həmkarı ilə görüşmüşdür. Görüş zamanı ölkələrimiz arasındakı siyasi əlaqələrin yüksək səviyyədə olduğu qeyd edilmiş, iqtisadi və humanitar sahələrdə əlaqələrin daha da genişləndirilməsi və bu əməkdaşlığın hüquq-müqavilə bazasının daha da gücləndirilməsi məsələləri ilə bağlı müzakirələr aparılmışdır. Bəhreynin xarici işlər naziri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, ölkəsinin Azərbaycanın haqq işini daim dəstəklədiyini və Ermənistanın ölkəmizə təcavüzünü qətiyyətlə pislədiyini bəyan etmişdir. Nazir E.Məmmədyarov Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyinə görə Bəhreyn Krallığına minnətdarlığını bildirmişdir.
Görüşdə ölkələrimizin xarici işlər nazirlikləri arasında anlaşma memorandumu imzalanmışdır.
Sonra Nazir E.Məmmədyarovu Bəhreyn Krallığının vəliəhdi, Silahlı Qüvvələr Baş Qərargahının rəisi Salman bin Haməd Əl Xəlifə qəbul etmişdir. Nazir səmimi qəbula görə minnətdarlığını bildirərək, Azərbaycan Prezidenti İlham Əliyevin Kral Haməd bin İsa Əl Xəlifəyə ünvanlanmış məktubunu vəliəhdə təqdim etmişdir. Görüşdə qarşılıqlı maraq doğuran bir sıra mühüm məsələlər müzakirə edilmişdir.
Nazir E.Məmmədyarov Bəhreynin kral divanı işləri naziri Əl bin İsa Əl Xəlifə və müdafiə naziri Xəlifə bin Əhməd Əl Xəlifə ilə də görüşmüşdür.
Bəhreynin Ticarət-Sənaye Palatasının sədri İsam Abdulla Fəxri ilə görüşdə ikitərəfli iqtisadi əlaqələrin inkişaf perspektivləri, neft, energetika, turizm, bank sistemi, kənd təsərrüfatı sahələrində əməkdaşlığın inkişaf etdirilməsi və təcrübə mübadiləsi aparılması məsələləri müzakirə edilmişdir. Tərəflər Azərbaycanla Bəhreyn arasında mövcud mal dövriyyəsinin, iqtisadi əlaqələrin genişləndirilməsi məqsədi ilə Müştərək İqtisadi Komissiyanın yaradılmasının vacibliyini vurğulamışlar. Nazir E.Məmmədyarov Azərbaycanın regionun bir çox sosial-iqtisadi inkişaf layihələrində yaxından iştirak etdiyini bildirmiş, ölkəmizin son 10 ildə neft və energetika sahəsində qazandığı uğurlar barədə məlumat vermişdir.