XARİCİ İŞLƏR NAZİRLİYİNDƏ AVROPA İTTİFAQI ÖLKƏLƏRİNİN SƏFİRLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR
Xarici İşlər Nazirliyinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə noyabrın 6-da Azərbaycanda keçirilmiş parlament seçkilərinin yekunları, Avropa İttifaqı-Azərbaycan münasibətləri və bu əməkdaşlıq üzrə bir sıra təşkilati məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
Parlament seçkiləri və onun nəticələri ilə bağlı müzakirələrdə uğurlar və qüsurlar diqqət mərkəzində olmuşdur. Seçkilər zamanı baş vermiş qanun pozuntuları və beynəlxalq müşahidəçilər missiyasının ilkin hesabatı ilə bağlı şərh verən nazir, pozuntuların nəticələrinin aradan qaldırılması istiqamətində Azərbaycan Prezidentinin və hökumətinin iradəsini ifadə edərək demişdir ki, iki dairədə və bir sıra məntəqələrdə səsvermənin nəticələri ləğv edilmiş, seçkilərə qanunsuz müdaxilədə təqsirli bilinən yerli icra hakimiyyəti strukturlarının başçıları vəzifələrindən kənarlaşdırılmış, seçki saxtakarlığında əli olan insanlar barədə cinayət işləri başlanmışdır. Hazırda Mərkəzi Seçki Komissiyası və prokurorluq orqanları tərəfindən araşdırmalar aparılır.
Görülən tədbirlərin təqdirəlayiq olduğunu bildirən qonaqlar, Azərbaycan Prezidentinin azad və ədalətli seçkilərin keçirilməsinə şərait yaradan müvafiq Sərəncamlarını yüksək qiymətləndirmişlər. Onların fikrincə, bu seçkilər nəticəsində formalaşacaq yeni parlamentin legitimliyi sual altına alına bilməz. Baş vermiş bəzi nöqsanlarla bağlı MSK tərəfindən araşdırmaların və Baş Prokurorluğun gördüyü zəruri tədbirlərin başa çatdırılmasının əhəmiyyəti qeyd olunmuşdur. Qonaqlar əmin olduqlarını bildirmişlər ki, bütün tədbirlər Azərbaycan qanunvericiliyinə tam uyğun şəkildə həyata keçiriləcəkdir.
Azərbaycanda 6 noyabr parlament seçkilərinin əvvəlki seçkilərlə müqayisədə daha azad və demokratik şəraitdə keçirildiyini bildirən nazir, pozuntu hallarının növbəti seçkilərə hazırlıq üçün dərs olduğunu qeyd etmişdir. Seçki məntəqələrinin 87 fazində səsvermənin beynəlxalq müşahidəçilər tərəfindən müsbət qiymətləndirildiyini bildirən nazir demişdir ki, bu seçkilərdə YAP-ın qələbəsi reallıqdır və heç bir şübhə doğurmur.
Azərbaycan-Avropa İttifaqı münasibətləri ilə bağlı fikir mübadilələri zamanı nazir, ölkəmizin Avropanın Qonşuluq Siyasəti ilə əlaqədar hazırlanan fəaliyyət planı üzrə əməkdaşlığın yeni təkliflər layihəsini qonaqların diqqətinə çatdırmışdır.
Son zamanlar Azərbaycandan Şimali Kiprə uçuşların həyata keçirilməsi ilə bağlı narahatlığını ifadə edən Yunanıstan səfirinin suallarına cavabında nazir demişdir ki, bu uçuşlar Şimali Kiprin türk əhalisinin humanitar, iqtisadi təcridinin aradan qaldırılması ilə əlaqədar BMT və Avropa İttifaqı tərəfindən bəyan olunmuş çağırışla bağlı fərdi iş adamlarının həyata keçirdikləri işgüzar xarakterli addımlardır.
Sonra səfirlər ölkəmizin ictimai-siyasi həyatında baş verən və Avropa İttifaqının sədarəti üçün maraq doğuran müxtəlif sahələr üzrə informasiyanın toplanmasının və ötürülməsinin səmərəliliyinin və operativliyinin artırılması istiqamətində əməkdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparmışlar.
Nazir istər nazirliyin əməkdaşları tərəfindən, istərsə də digər dövlət orqanlarından dəvət olunmuş dövlət rəsmiləri ilə İttifaq sədarətini maraqlandıran məsələlər üzrə mütəmadi şəkildə brifinqlərin təşkilinə hazır olduğunu söyləmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunmuşdur.