XARİCİ İŞLƏR NAZİRLİYİNDƏ GÖRÜŞ
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov yanvarın 14-də Yaponiya xarici işlər nazirinin birinci müavini İçiro Aisavanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, nazir Elmar Məmmədyarov ümummilli lider Heydər Əliyevin 1998-ci ilin fevralında Yaponiyaya rəsmi səfərinin ölkələrimiz arasındakı münasibətlərin inkişafına təkan verdiyini xüsusilə vurğulayaraq, Azərbaycan-Yaponiya əlaqələrinin yüksək səviyyəyə çatmasından məmnunluğunu ifadə etmiş və dostluq münasibətlərinin gələcəkdə daha da inkişafına ümidvar olduğunu qeyd etmişdir. Nazir Yaponiyanın Azərbaycana humanitar yardım və bir sıra iqtisadi layihələr üçün qrant ayırdığına görə təşəkkür etmiş, yaxın gələcəkdə Yaponiya iş adamlarının ölkəmizin qeyri-neft sektoruna sərmayə qoymasının vacibliyini söyləmişdir.
Elmar Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsində ölkəmizin ədalətli mövqeyini açıqlamış və Praqada keçirilən son danışıqlar barəsində məlumat vermişdir. Nazir BMT-nin və digər nüfuzlu beynəlxalq təşkilatların bu münaqişənin sülh yolu ilə, ərazi bütövlüyü, suverenlik, sərhədlərin toxunulmazlığı və təsbit olunmuş beynəlxalq hüquq prinsipləri çərçivəsində həlli ilə bağlı qəbul etdiyi qətnamələrin və qərarların həyata keçirilməsinin vacibliyini bildirmişdir.
Cənab İçiro Aisava ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini vurğulayaraq, ikitərəfli əməkdaşlığın daha da genişlənməsinə tərəfdar olduğunu nəzərə çarpdırmışdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan İçiro Aisava ikitərəfli danışıqların davam etdirilməsinin zəruriliyini söyləmiş və beynəlxalq birliyin birgə səyi nəticəsində problemin tezliklə sülh yolu ilə öz ədalətli həllini tapacağına ümidvar olduğunu bildirmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər də müzakirə edilmişdir.