Xarkovda Azərbaycanın Zəfər Günü təntənəli şəkildə qeyd olunub
Xarkov, 9 noyabr, AZƏRTAC
Xarkovdakı “Dostluq” Azərbaycan Mədəniyyət və Təhsil Mərkəzində 2020-ci il Vətən müharibəsində Azərbaycan xalqının Zəfərinin birinci ildönümünə həsr olunmuş təntənəli tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə “Dostluq” cəmiyyətinin üzvləri, Mərkəzin müəllimləri, şagirdlər və onların valideynləri, Türkiyədən gələn qonaqlar iştirak ediblər.
Mərkəzin şagirdlərinin ifasında Azərbaycanın və Ukraynanın himnləri səsləndirilib.
“Dostluq” cəmiyyətinin sədri Murad Ömərov çıxış edərək 44 günlük Vətən müharibəsində torpaqlarının 30 illik işğalına son qoyan Azərbaycanın böyük Zəfəri münasibətilə iştirakçıları təbrik edib. O qeyd edib ki, Vətən müharibəsində şanlı Zəfər xalqımızın igid oğullarının qanı, canı bahasına qazanılıb.
Azərbaycan mərkəzinin şagirdləri Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi uğrunda canlarından keçmiş şəhidlərdən danışıb, tamaşaçılar qəhrəmanların şücaətlərindən bəhs edən dörd videoçarx izləyiblər.
Tədbirdə hazırda Azərbaycanda yaşayan şəhidlərin valideynləri ilə videobağlantı yaradılıb. Şəhidlərin valideynlərinə başsağlığı verilib, dərin minnətdarlıq ifadə olunub.
Mərkəzin şagirdləri böyük Zəfərə həsr olunmuş şeirlər söyləyib, rəqs ediblər. Mərkəzin kiçik qrupu “Xarıbülbül” tamaşasından bir parça nümayiş etdirib.
Sonra iştirakçılar səmaya sülh rəmzi olan şarlar və ağ göyərçinlər buraxıblar.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Xarkov