Xavyer Miley: Argentina rüsumların ləğvi üçün ABŞ-la saziş imzalamağa hazırdır
Bakı, 15 aprel, AZƏRTAC
Argentina Prezidenti Xavyer Miley rüsumları aradan qaldırması üçün ABŞ-la ticarət sazişi imzalamaq arzusunda olduğunu təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, Xavyer Miley müvafiq bəyanatla Buenos-Ayresdə ABŞ-ın maliyyə naziri Skot Bessentlə görüşündən sonra çıxış edib.
“Prezident Donald Tramp tərəfindən hazırlanan qarşılıqlı tariflər təklifini başa düşürük və bu istiqamətdə həm ABŞ, həm də Argentina üçün faydalı olacaq ticarət sazişini imzalamağa hazırıq”, - deyə Argentinanın prezident administrasiyasının mətbuat xidməti tərəfindən dərc edilən bəyanatda bildirilir.
Argentina prezidenti, həmçinin Vaşinqtonun regionda etibarlı müttəfiqi olmaq istədiklərini vurğulayıb.
Aprelin 3-də Donald Trampın Floridadakı malikanəsində keçirilən tədbirdə çıxış edən Xavyer Miley Vaşinqtonun idxal rüsumlarını ləğv etməsi üçün Buenos-Ayresin qaydalara dəyişiklik etmək niyyətində olduğunu deyib.
Qeyd edək ki, 2023-cü il dekabrın 10-da prezident kimi fəaliyyətə başlayan Xavyer Miley liberal demokratiyaları və Qərb ölkələrini, xüsusən ABŞ və İsraili Argentinanın prioritet tərəfdaşları hesab etdiyini bildirib. O, hakimiyyətə gəldikdən sonra ABŞ-a 10 dəfə səfər edib.