Xətai rayonunda məntəqələrdə səsvermə mütəşəkkil qaydada keçir
Bakı, 11 aprel, AZƏRTAC
Xətai rayonunda seçicilərin səsverməsi üçün məntəqələr aprelin 11-də tam tərkibdə və vaxtında fəaliyyətə başlayıb.
AZƏRTAC xəbər verir ki, seçicilər səhər saatlarından seçki məntəqələrinə gəlir, öz iradələrini azad şəkildə ifadə edir, istədikləri namizədlərə səs verirlər. Məntəqələrdə səsvermə tam mütəşəkkil qaydada keçir.
Ümumiyyətlə, rayon ərazisində dörd seçki dairəsi (33 saylı Xətai birinci, 34 saylı Xətai ikinci, 35 saylı Xətai üçüncü, 36 saylı Xətai dördüncü) və 141 məntəqə fəaliyyət göstərir. Ümumilikdə Xətai rayonunda məntəqələr üzrə 175 mindən çox səsvermə hüququna malik vətəndaş qeydiyyata alınıb.
Səsvermə prosesinin şəffaf keçirilməsi üçün seçki məntəqələrində bütün şərait yaradılıb. Məntəqələrin veb-kameralarla təmin olunması səsvermənin şəffaf keçməsindən xəbər verir.
36 saylı Xətai dördüncü seçki dairəsinin ərazisində 36 daimi seçki məntəqəsi fəaliyyət göstərir və 44 min 265 seçici var. Məntəqələrdə seçicilərin sərbəst səs vermələri üçün hər cür şərait təmin edilib. Bundan başqa, əlavə məntəqələr yaradılıb ki, burada da 2150 seçicinin səs vermək imkanı var. Məntəqələrdə vətəndaşların rahat səs vermələri üçün lazımi bütün işlər həyata keçirilib.
Dairə seçki komissiyasının sədri Tahir Süleymanov AZƏRTAC-a bildirib ki, səsvermə mütəşəkkil qaydada davam edir. Bu seçki dairəsi üzrə 300-dən çox yerli müşahidəçi qeydiyyatdan keçib. Hələlik dairə seçki komissiyasına hər hansı qanun pozuntusu barədə məlumat daxil olmayıb. Vətəndaşların sərbəst şəkildə səs vermələri üçün məntəqələrdə bütün zəruri şərait yaradılıb. Dairənin əhatə etdiyi seçki məntəqələrinin 10-da veb-kamera quraşdırılıb. Səsvermənin gedişində şəffaflığı təmin etmək üçün məntəqədə quraşdırılmış veb-kamera vasitəsilə müşahidəçilər prosesin gedişini aşkar şəkildə izləyə bilirlər. Seçkilərin gedişini fasiləsiz izləyən yerli müşahidəçilərdən əlavə, müxtəlif dövlətləri təmsil edən beynəlxalq müşahidəçilər də məntəqələrdə olub, heç bir qanun pozuntusuna rast gəlməyiblər.
T.Süleymanov diqqətə çatdırıb ki, dairənin tərkibinə daxil olan 36 seçki məntəqəsi lazımi inventar və avadanlıqlarla, o cümlədən daşınmaz və daşınan səsvermə qutuları ilə tam təchiz olunub. Bütün məntəqələr təbliğat lövhələri ilə təmin edilib. Bu lövhələrə prezidentliyə namizədlərin seçki platforması vurulub və onların hər birinə bərabər şərait yaradılıb.
Seçki məntəqələrinin sədrlərinin verdikləri məlumatlara görə, seçkilərdə iştirak edən seçicilərin fəallığı çox yüksəkdir. Məntəqə seçki komissiyasının üzvləri hər bir seçicinin müraciətinə həssaslıqla yanaşır.
Seçicilər isə onlara öz seçimlərini sərbəst şəkildə ifadə etmələri üçün məntəqədə hər cür şəraitin yaradılmasından razılıqlarını ifadə edirlər.