Xəzər dənizinin Azərbaycana aid olan sahil zolağında fəaliyyət göstərən müəssisələrdə monitorinqlər keçirilmişdir
Bakı, 12 oktyabr (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi (XKEMİ) tərəfindən Xəzər dənizinin Azərbaycana aid olan sahil zolağında, çimərlik ərazilərində, eləcə də dənizdə fəaliyyət göstərən müəssisə və obyektlərdə, üzən vasitələrdə və təyin edilmiş koordinatlar üzrə açıq dənizdə aparılmış monitorinqlərin nəticələri açıqlanmışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, 2012-ci ilin 9 ayı ərzində dənizdə və sahil zolağında fəaliyyət göstərən müəssisələrdə 1019 ekoloji monitorinq keçirilmişdir. Monitorinqlərin məqsədi həmin müəssisələrdə yaranan tullantıların Xəzər dənizinin suyuna, flora və faunasına, həmçinin digər su obyektlərinə göstərdiyi təsirləri təhlil və tədqiq edərək məlumat toplanılması, onların minimuma endirilməsi istiqamətində tədbirlər görülməsi olmuşdur.
Monitorinqlər zamanı 2 min 793 su, 3 qazma məhlulu, 6 şlam nümunəsi götürülmüş, onların üzərində 31 min 331 tədqiqat aparılmışdır. Eyni zamanda, ayrı-ayrı təşkilatlara məxsus bioloji və dezinfeksiyaedici qurğuların vəziyyəti də araşdırılmış, onlar üzərində ciddi ekoloji nəzarət təmin olunmuşdur.
Bundan əlavə, Xəzər dənizi ilə əlaqəsi olan 256 axar qeydə alınmış və bu axarlardan götürülmüş nümunələr üzərində mütəmadi olaraq müvafiq təhlillər aparılmışdır.