Xəzər rayonunda qaz xəttinin mühafizə zonasında tikilən obyektlər aşkarlanıb
Bakı, 10 yanvar, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi sahəsində zəruri tədbirlərin görülməsini davam etdirir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu çərçivədə paytaxtın Xəzər rayonunun Buzovna qəsəbəsi, Çingiz Mustafayev küçəsində aparılan monitorinq zamanı ərazidən keçən diametri 200 və 500 millimetr olan qaz xəttinin mühafizə zonası gözlənilmədən bilavasitə yaxınlığında - 1-6 metrliyində tikintisi başa çatdırılmış fərdi yaşayış evləri, həmçinin inşası davam edən tikililər aşkarlanıb. Müəyyənləşdirilib ki, qeyd olunan ünvandakı tikinti işləri müvafiq icazəverici sənədlər olmadan kobud pozuntularla, o cümlədən normativ ara məsafələri gözlənilmədən aparılıb.
Aşkarlanmış faktla bağlı FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aidiyyəti üzrə rəsmi müraciətlər ünvanlanıb.