Xəzər rayonunda yanğın təhlükəsizliyinə dair seminar-müşavirə keçirilib
Bakı, 8 iyul, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü ilə Xəzər Rayon İcra Hakimiyyətində “Yay mövsümündə yanğın təhlükəsizliyi tədbirləri” mövzusunda seminar-müşavirə keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, seminar-müşavirədə nazirliyin Dövlət Yanğın Nəzarəti Xidmətinin şöbə rəisi daxili xidmət polkovniki Elnur Babayev, Xəzər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elşən Qurbanov, dördüncü ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin rəis müavini daxili xidmət polkovniki Rasim Bağırov, FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Xəzər Rayon Yanğından Mühafizə Hissəsinin rəisi daxili xidmət polkovniki Azər Seyidzadə, Xəzər Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin baş mühəndisi Ədalət Muradov, Su Kanal İdarəsinin rəisi Mübariz Nəsirov, Enerji Təchizatı və Satışı İdarəsinin, polis şöbəsinin, habelə rayon inzibati ərazi dairəsi üzrə nümayəndələri iştirak ediblər.
Tədbirdə yay mövsümündə ümumi yanğın təhlükəsizliyi tədbirləri, xüsusilə yolkənarı və kommunikasiya xətləri keçən sahələrin quru ot və kol-kosdan təmizlənməsi, yanğına qarşı su təchizatı sistemlərinin saz vəziyyətdə saxlanılmasının vacibliyi və digər tələblər diqqətə çatdırılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəsizliyinin təmin olunması istiqamətində fəaliyyətini davam etdirir.