“XƏZƏRDƏNİZNEFTQAZYATAQ - 2006” 7-Cİ BEYNƏLXALQ ELMİ-PRAKTİK KONFRANSI BAŞA ÇATMIŞDIR
Sənaye və energetika naziri Natiq Əliyev ölkəmizin hazırda ümumi daxili məhsul istehsalının, adambaşına düşən pul gəlirlərinin və xarici investisiya qoyuluşunun həcminə görə dünyada aparıcı yerlərdən birini tutduğunu faktlarla əsaslandırmış, ümummilli lider Heydər Əliyev tərəfindən işlənib hazırlanmış, hazırda Prezident İlham Əliyevin müasir dövrün tələblərinə uyğun olaraq uğurla davam və inkişaf etdirdiyi yeni dövlət neft strategiyasının həyata keçirilməsində, bütün dünyada alternativi olmayan iqtisadi tərəqqinin əldə olunmasında qazanılmış müvəffəqiyyətlər, o cümlədən neft-qaz yataqlarının elmi əsaslar üzərində işlənməsi sahəsində görülən işlər barədə xarici ölkələrdən gəlmiş alim və mütəxəssislərə məlumat vermişdir.
Nazir bundan qabaq keçirilmiş 6 konfransın əsas təşkilatçısı olmuş böyük alim və ictimai xadim mərhum akademik Azad Mirzəcanzadənin elmi kəşflərinin tətbiqinin uğurlu nəticələrindən danışmış, yataqların elmi cəhətdən düzgün işlənməsi üçün verilən təkliflərin nəzərdən keçirilməsi və tətbiqi, neftin və qazın nəqli prosesinin müəyyənləşdirilməsi, emalı, xam neftin çıxarılma əmsalının öyrənilməsi baxımından belə konfransların böyük əhəmiyyəti olduğunu bildirmişdir.
ARDNŞ-in Prezidenti Rövnəq Abdullayev konfransda “ARDNŞ davamlı inkişaf yolunda: faktlar və perspektivlər” mövzusunda məruzə etmişdir. O, Azərbaycan neft sənayesinin dünəni və bu günü haqda qonaqlarda ətraflı təsəvvür yaratmaq məqsədi ilə statistik göstəricilər və diaqramlardan istifadə edərək bildirmişdir ki, mürəkkəb inkişaf yolu keçən neft-qaz sənayesi ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi yeni neft strategiyası sayəsində bugünkü yüksək səviyyəyə çatmışdır.
ARDNŞ prezidenti müasir texnologiyaların və ən son elmi nailiyyətlərin tətbiqi ilə istehsalın daha da artırılmasının şirkət üçün prioritet olduğunu vurğulayaraq aparılan islahatlar, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə həyata keçirilən kadr hazırlığı proqramı və s. məsələlərə toxunmuşdur.
Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin “Akademik Azad Mirzəcanzadənin irsi” mövzusunda məruzəsində alimin bütün dünyada neft-qaz çıxarma elminə verdiyi əvəzsiz töhfələri, ölkəmizin neft sənayesi sahəsində elmi mərkəzə çevrilməsində onun xüsusi xidmətləri konkret faktlarla vurğulanmışdır.
Konfransda iştirak edən Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin nümayəndəsi P.Klaynın, bp-nin əməkdaşı F.Tahirovun, texnika elmləri doktoru, professor Elmira Ramazanovanın, MDB ölkələrində A.Mirzəcanzadə məktəbinin tanınmış nümayəndəsi, “Rosneft” Şirkətinin elm işlər üzrə vitse-prezidenti M.Xasanovun və Ufa Dövlət Neft Texnologiyası Universitetinin prorektoru M.Baxtizin çıxışları maraqla dinlənilmişdir.
“Cənubi Xəzər hövzəsində karbohidrogen potensialı və bu potensialın kəşfində qarşıya çıxan problemlər”, “Geologiya, geofizika və qazma”, “Neft və qazın nəqli, neft mədən qurğuları və avadanlığı”, “Neft və qaz yataqlarının işlənməsi-hasilat” mövzularında keçirilən bölmə iclaslarında da məruzələr dinlənilmiş, geniş müzakirələr, fikir və təcrübə mübadiləsi aparılmışdır. Hər iki ildən bir keçirilən bu konfransın əhəmiyyətli olduğu, ənənənin davam etdirilməsinin vacibliyi vurğulanmışdır.
Xarici qonaqlar konfransın davam etdiyi iki gündə Bakının tarixi mədəniyyət abidələri, paytaxtda gedən tikinti-quruculuq işləri ilə də tanış olmuşlar.