Xlif Torgeirsdottir: Azərbaycanda gimnastika sürətlə inkişaf edir
Bakı, 16 iyun, AZƏRTAC
Azərbaycanda gimnastika sürətlə inkişaf edir. Burada yaxşı məşqçilər, idmançılar var və güclü idman infrastrukturu var.
AZƏRTAC xəbər verir ki, bu sözləri Avropa Gimnastikasının gimnastika hamı üçün növü üzrə Texniki Komitəsinin prezidenti Xlif Torgeirsdottir Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş birinci Bakı Beynəlxalq “Challenge” turnirinə həsr olunmuş mətbuat konfransında deyib.
Bakıda olmasından məmnunluğunu ifadə edən Xlif Torgeirsdottir bildirib ki, belə tədbirlərdə insanların yaş kateqoriyası önəmli deyil. Bu cür tədbirlərin kütləviləşməsinə çalışırıq. Sabahkı tədbir öncəsi çox həyəcanlıyam. Federasiyada hamı birgə çalışır, gözəl ab-hava hiss olunur.
“Adətən bu tip tədbirlərə gənclər cəlb olunur. Ancaq buradakı yarışa 50 yaşdan yuxarı insanlar da qatılacaqlar. Bu da inkişafın göstəricisidir. Bu festivallar bütün yaş kateqoriyalarına həsr olunur. Gimnastika hamı üçün bütün növləri əhatə edir. Yarışlarda hansı gimnastika növlərini görürsünüzsə, insanlar həmin sahələr üzrə yarışa bilərlər. Adından da göründüyü kimi, gimnastika hamı üçündür”, - Avropa Gimnastikasının nümayəndəsi əlavə edib.
Azərbaycanda “Qızıl yaş” festivalının təşkil olunduğunu deyən gimnastika hamı üçün növü üzrə baş məşqçi, Avropa Gimnastikasının Texniki Komitəsinin üzvü Ruslan Eyvazov bildirib ki, həmin festivalda 50 yaşdan yuxarı insanlar iştirak edirlər. İlk vaxtlar düşünürdüm ki, çətin olacaq, çünki onlardan gəncəm. İlk olaraq 6 gimnastla başlamışdıq. Bu ildən etibarən “Qızıl yaş”da ikinci komandamız da var. Sabahkı yarışda 60 yaşdan yuxarı şəxslər də iştirak edəcəklər. Həmçinin Lənkəran uşaq evindən olan gimnastlarımız bu tədbirə qatılacaqlar. Uşaq evi sakinləri bir ildir məşq edirlər. Məşqçimiz Aygül Novruzova həftədə iki dəfə onlara məşq keçir. Bu il ilk dəfə festivalımıza qatılacaqlar.