“XOCALI HARAYI” ADLI SƏRGİ AÇILMIŞDIR
Sərgidə 21 Azərbaycan rəssamının rəngkarlıq, qrafika, heykəltəraşlıq janrlarında 40-a yaxın əsəri nümayiş etdirilir.
Muzeydən AZƏRTAC-a daxil olmuş məlumatda bildirilir ki, Kərim Cəlalın, Kamil Ramazanovun, Nazim Məmmədovun, Yaqub Mehdiyevin, Xanlar Əhmədovun və bir çox başqa sənətkarlarımızın əsərlərində təkcə hadisələr deyil, həm də dərdin, kədərin yaşantısı təsvir edilmişdir.
Xocalı hadisələrini hönkürə-hönkürə kameraya alan mərhum Çingiz Mustafayevin, körpəsini bağrına basıb düşmən zülmündən baş götürüb qaçan ananın, son nəfəsinədək vuruşan igid döyüşçünün obrazları da nümayiş etdirilən əsərlərdə əbədiləşdirilmişdir.
Mədəniyyət naziri Polad Bülbüloğlu, Rəssamlar İttifaqı idarə heyətinin sədri Fərhad Xəlilov və başqaları açılış mərasimində çıxış edərək neçə dünya və vətəndaş müharibəsi görmüş XX əsrin sonunda erməni işğalçıları tərəfindən törədilmiş Xocalı faciəsini təkcə türklərə deyil, həm də bütün bəşəriyyətə qarşı yönəldilmiş qanlı aksiya kimi qiymətləndirmişlər.
Natiqlər vurğulamışlar ki, Azərbaycan mütləq özünün ərazi bütövlüyünü təmin edəcək, qaçqın və köçkünlərimiz öz yurd-yuvalarına qayıdacaqlar.
İrəvan Dövlət Azərbaycan Teatrı aktyorlarının hazırladıqları ədəbi kompozisiya ilə müşayiət olunan sərgi martın 7-dək davam edəcəkdir.