Xocalı soyqırımı insanlığa qarşı törədilmiş hərbi cinayətdir
Bakı, 25 fevral, AZƏRTAC
Xocalı soyqırımı təkcə Azərbaycan xalqına qarşı deyil, insanlığa qarşı törədilmiş hərbi cinayətdir.
AZƏRTAC xəbər verir ki, bu fikri Türkiyə İzçilik Federasiyasının rəhbəri Hasan Dinçer Subaşı fevralın 25-də Milli Məclisdə keçirilən görüşdə bildirib. O, Federasiyanın nümayəndə heyətinin Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar Azərbaycanda səfərdə olduğunu qeyd edib. Federasiyanın rəhbəri Xocalı soyqırımının ermənilərin Ərzurumda və Anadoluda törətdikləri cinayətlərin davamı olduğunu vurğulayıb.
Azərbaycan Skautlar Assosiasiyasının üzvlərinin də iştirak etdikləri görüşdə Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli erməni millətçi-şovinistləri tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə, soyqırımı siyasətindən bəhs edib. Bildirib ki, bu mənfur siyasətin davamı olaraq 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri o zaman sovet ordusunun Xankəndidəki 366-cı motoatıcı alayının şəxsi heyətinin iştirakı ilə Azərbaycanın Xocalı şəhərinə hücum edərək azərbaycanlılara qarşı törətdikləri qanlı soyqırımı aktı insanlığa qarşı ən qatı cinayətlərdən biri kimi tarixə düşüb. Həmin faciə zamanı aralarında uşaqların, qadınların və qocaların da olduğu 613 azərbaycanlı xüsusi qəddarlıqla qətlə yetirilib, 1275 nəfər əsir götürülüb, onlardan 150-nin taleyi hələ də məlum deyil.
Diqqətə çatdırıb ki, Xocalı soyqırımına ilk dəfə ümummilli lider Heydər Əliyevin səyləri nəticəsində hüquqi-siyasi qiymət verilib. Ulu Öndərin təşəbbüsü ilə Azərbaycan Milli Məclisinin 1994-cü il 24 fevral tarixli qərarına əsasən fevralın 26-sı “Xocalı soyqırımı günü” elan olunub və bu barədə beynəlxalq təşkilatlara məlumat verilib.
Xocalı soyqırımının tanınması və pislənilməsi istiqamətində görülən işlərdən danışan H.Rəcəbli Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası barədə məlumat verib. Qeyd edilib ki, görülən işlər nəticəsində dünyanın 10-dan artıq ölkəsi, İslam Əməkdaşlıq Təşkilatı, eləcə də ABŞ-ın 20 ştatı Xocalı soyqırımını tanıyıb və pisləyib.
Görüşdə bildirilib ki, fevralın 27-də Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq 613 ağac əkiləcək.