Xocalı soyqırımı insanlığa qarşı yönəlmiş dəhşətli cinayətdir
Sumqayıt, 26 fevral, Ətrabə Rzayeva, AZERTAC
Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar Qubadlı rayonunun idarə, müəssisə və təşkilatlarında silsilə tədbirlər keçirilib. Bu tədbirlərin yekunu olaraq, fevralın 26-da Qubadlı Rayon İcra Hakimiyyəti və YAP Qubadlı rayon təşkilatının birgə təşkilatçılığı ilə H.Quliyev adına Çaytumas kənd məktəb-liseyində soyqırımının 28-ci ildönümünə həsr olunmuş ümumrayon tədbiri təşkil edilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Xocalı soyqırımının qurbanlarının və bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra o müdhiş gecəni əks etdirən videoçarx nümayiş olunub.
Anım mərasimini məktəbin direktoru, Əməkdar müəllim Şamama Həsənova açaraq qeyd edib ki, tarixən Azərbaycan xalqına qarşı soyqırımı siyasəti həyata keçirən erməni millətçiləri öz vəhşi simalarını bir daha bütün dünyaya nümayiş etdirərək dinc əhaliyə divan tutublar. Bildirilib ki, 1992-ci il fevralın 26-da gecə Ermənistan silahlı qüvvələri, Dağlıq Qarabağ ərazisindəki ermənilərin qeyri-qanuni silahlı dəstələri keçmiş SSRİ-nin Xankəndində yerləşən 366-cı motoatıcı alayın şəxsi heyətinin və hərbi texnikasının bilavasitə iştirakı ilə Xocalı şəhərinə hücuma keçərək, Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirib. Bu, təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün insanlığa qarşı yönəlmiş dəhşətli cinayətdir.
Bu dəhşətli soyqırımının əsl mahiyyəti yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra açıqlanıb. Belə ki, 1994-cü ilin fevralında Milli Məclis Xocalı soyqırımına siyasi-hüquqi qiymət verib. Soyqırımının dünyada tanıdılması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində artıq bir sıra beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıyıb. Bu baxımdan Heydər Əliyev Fondunun gördüyü işlər də təqdirəlayiqdir. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən "Xocalıya ədalət!" beynəlxalq informasiya və təşviqat kampaniyası da bu işə öz töhfəsini verməkdədir.
Tədbirdə şagirdlərin ifasında Xocalı soyqırımına həsr edilmiş ədəbi-bədii kompozisiya nümayiş etdirilib, qəhrəmanlıq və vətənpərvərlik mövzusunda şeirlər səslənib.